Mədəni irsimizdən: Sərin sulu ovdanlar
Region

Mədəni irsimizdən: Sərin sulu ovdanlar

Çox da uzaq keçmiş deyil. Cəmisi bir neçə il bundan əvvəl vəfat etmiş yaxın qohumlarımızdan birini öz vəsiyyətinə görə Hacıqabul qəbirsitanlığında dəfn elədik. Rayon mərkəzindən 4-5 kilometr aralıda olan dəfn yerinə isti yay günəşi öz hərarətini sanki ikiqat səpələmişdi. Həm ağır itkinin yaratdığı təngnəfəslik, həm də isti hava möhkəm susuzluq gətirirdi. Amma gözdən uzaq belə bir məkanda su tapmaq adama elə də inandırıcı görünmürdü. "Burada yaxşı su var, gedək içək", - deyən tanışımla yaxınlıqdakı üstü daşla hörülmüş yerə yaxınlaşdıq. "Ovdandır", - dedi. Daş pilləkənlərlə 3-4 metrlik dərinliyi olan quyuya endik. Quyunun dibində dumduru suyu görüncə təəccübləndik. "Su bura haradan gəlib, necə yığışıb?" Təbii ki, sadəcə xeyirxah bələdçim olan tanışımız bu suallara cavab verə bilmədi. Üstündən bir qədər keçəndən sonra Hacıqabulun tarixinə, təbiətinə yaxşı bələd olan  rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanovdan ovdanlar barədə danışmağı xahiş etdik. Əslən Şamaxı rayonunun Cəyirli kəndindən olan Sahib müəllim ovdanların təkcə Hacıqabul qəbiristanlığında deyil, rayonun bir neçə yerində də olduğunu dedi:

- Bilirsiniz ki, Hacıqabul qədim karvan yolunun üzərində yerləşir. Yolun üzərindəki karvansaraların bir neçəsi bizim ərazidə tikilib. Bir çox mənbələrdə tarixi XIII əsrə gedib çıxan ovdanlar bu yerlərdən keçən karvanları su ilə təmin etmək üçün yaradılıb. Onların su mənbəyi yağış sularıdır. Diqqət yetirsəniz görərsiniz, hər ovdanın yaxınlığında kiçik su arxları da qazılıb ki, su bura asanlıqla yönəldilsin. Ovdanlardan həm içməli su saxlancı, həm də keçmişdə təbii soyuducu kimi istifadə olunub. Hər bir ərzaq ən isti havalarda belə burada öz keyfiyyətini qoruyub saxlayıb.

Sahib müəllim əlavə edir ki, bizim Cəyirli camaatının qışlaq yeri  Haramı dağlarının ətəklərində olub. Həmin yerlər Muğan qəsəbəsinin arxa hissəsində yerləşir. Burada salınan qədim qəbiristanlıqda da ovdan var. Sürülər yay aylarında yaylağa qalxdığı vaxt ovdanların suyu qurudulur, dibi təmizlənir, ora duz tökürdülər ki, palçıq-lil ovdanın dibini korlamasın.

Mədəni irsimizin ən gözəl nümunələrindən olan ovdanların bir çoxu korlanıb sıradan çıxsa da onların salamat qalanları da az deyil. Məsələn, Hacıqabul rayonunun Rəncbər kəndinin qədim yaşayış yerlərində ovdanlar mövcuddur. Kurqan nişanələrinə Atbulaq yaşayış yerində də rast gəlmək olar. Bundan başqa, rayon ərazisindəki ovdanlar da bura səfərə gələnlərdə böyük maraq doğurur. Qonaqlara məlumat verilir ki, ovdanlar Böyük İpək Yolu üzərində yerləşən əlverişli su mənbələridir. Qədimdə əhali kəhrizlərdən, çaylardan, kanallardan və ovdanlardan istifadə edirdi. Hacıqabul ərazisindəki ovdanlardan şəhərin qaz kompressor stansiyası yaxınlığında, Haramı dağının şərq ətəyində yerləşən ovdan çox maraqlıdır. Dağ ətəyində yerləşən, külbələri olan, XVII əsrə aid ovdanın hündürlüyü 3 metrdir. Ümumiyyətlə, mövcud olan bütün ovdanlar bu həcmdədir. Digər iki ovdan el qəbiristanlığında (Xilə qəbiristanlığı) yerləşir. Biri Zülfüqar, digəri isə Kəblə Əhməd ovdanıdır. Muğan qəsəbəsinin arxa hissəsində yerləşən Cəyirli qəbiristanlığındakı ovdan da böyük maraq kəsb edir. Burada heyvanlar üçün daş yalaqlar da mövcuddur. Haramı dağının cənub ətəklərində olan İskəndər ovdanının yerüstü hissəsi dağıdılıb. Hacıqabul və Atbulaq karvansarayının ərazisində olan ovdanlar dağılıb. Ərazidə ehtimal edilən digər ovdanlar və su quyuları haqqında əhali arasında müəyyən xatirələr mövcuddur.

  Ovdanlar təkcə Hacıqabul rayonunda deyil, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən qədim Abşeron kəndlərinin su ilə təminatında mühüm rol oynamışdır. Həmin ovdanlardan bir neçəsi Güzdək və Xırdalan ərazilərində, Bakı kəndlərində, İçərişəhərdə, Naxçıvanda, digər yerlərdə  hələ də qalmaqdadır. UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmış tarixi abidələrimiz, mədəni irsimiz bu gün daha artıq qayğı və diqqətlə əhatə olunmuşdur. Qədim su mənbəyi olan ovdanlar da bu abidələrdəndir. Digər tərəfdən, dünyanı cənginə alan qlobal istiləşmənin yaratdığı su çatışmazlığı, içməli su narahatlığı bütün insanları alternativ mənbələr axtarmağa vadar edir. Qədim ovdanların xatırlanması bəlkə də bu hisslərin təsirindəndir.

Tofiq HÜSEYN,

"Respublika".