Mədəni irsimizin qorunması və təbliği milli maraqlar baxımından prioritetdir
Mədəniyyət

Mədəni irsimizin qorunması və təbliği milli maraqlar baxımından prioritetdir

Qərb sivilizasiyası artıq tədricən bütün planetə yayılmışdır və getdikcə də planetar hadisəyə çevrilməkdədir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması proseslərini əhatə edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birgə səyi tələb olunur.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu məsələyə münasibətini Heydər Əliyev belə ifadə etmişdir: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim “İpək yolu”nun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”. İndi Azərbaycanda bu strateji kurs Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməkdədir.

Ümumbəşəri və qlobal problemlərin həlli dünya dövlətlərinin bu istiqamətdəki birgə səylərindən asılı olduğundan müasir dövrdə beynəlxalq təşkilatların rolunun günbəgün daha da artdığı aydın görünür. Belə təşkilatlardan ən böyüyü və mötəbəri olan BMT də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək prinsiplərini rəhbər tutaraq millətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, iqtisadi, sosial, mədəni və humanitar xarakterli problemlərin, beynəlxalq əməkdaşlığı həyata keçirmək kimi vacib məsələlərin həllini öhdəsinə götürüb. Onun sisteminə daxil olan bütün digər təşkilatların fəaliyyəti də bu məqsədlərə xidmət edir. YUNESKO isə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatıdır.

YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitəsinin sessiyaları 2006-cı ildən etibarən ildə bir dəfə keçirilir. Hökumətlərarası Komitə seçkilər vasitəsilə formalaşan 24 üzv ölkədən ibarətdir. İndiyədək YUNESKO-ya üzv olan 180 ölkənin qoşulduğu “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 2007-ci il yanvarın 18-də ratifikasiya edib. Ölkəmiz 2018-2022-ci illər üçün komitənin üzvüdür. Hökumətlərarası Komitə gündəlikdə duran digər məsələlərlə yanaşı, həmçinin “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə təqdim edilən nominasiyaları da müzakirə edir və yekun qərar verir.

2020-ci il dekabrın 16-da YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasında mədəni irsimizin daha iki nümunəsi—ənənəvi Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”sına daxil edildi.

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Təqdimatda deyilir ki, miniatür sənəti onu təqdim edən ölkələrin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasında mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasim, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası sessiyadan bir neçə həftə əvvəl YUNESKO-ya etiraz müraciətləri göndərərək sözügedən nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə etmişdi. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğu da iddia edilirdi. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyasının şərtlərinə və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq layiqli cavab verilmişdir.

Beləliklə, ölkəmizin YUNESKO siyahılarına daxil edilən qeyri-maddi mədəni irs nümunələrinin sayı 15-ə çatıb.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası da tarixi hadisə kimi yadda qalmışdır. Belə ki, həmin sessiyada Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu, İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Təbii ki, bu hadisəni Azərbaycanın YUNESKO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsi kimi də dəyərləndirmək olar. Heç şübhəsiz, bu uğur Azərbaycanın illərdən bəri—həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin məntiqi davamıdır. Bu əlamətdar hadisə, həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.

Bu münasibətlə xalqımızı təbrik edən ölkə başçısı deyib: “Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” YUNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”.

“Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi” - böyük türk şairi Nazim Hikmətin uzaqgörənliklə söylədiyi bu fikirlər xalqımızın bu mədəniyyət incisinin illər sonra dünya nümunələri səviyyəsində qorunmasının təsdiqi oldu. Yeri gəlmişkən qeyd edək ki, dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayının özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVIII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapıb. Azərbaycan incəsənətinin bu möhtəşəm əsəri əsarət dövrünün acı zərbələrinə sinə gərərək yaşayıb, gözəllik və əzəmətini qoruya bilib. Sarayda mütəxəssislər dəfələrlə bərpa işləri aparıblar və abidə ilkin halına qaytarılıb.

Ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irsimizə diqqəti sayəsində bina əsaslı təmir-bərpa olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan “Mədəni irsin qorunması layihəsi” çərçivəsində həyata keçirilib. Görülən işlər nəticəsində sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunub.

Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizə diqqət və qayğısı sayəsində YUNESKO-nun Şəkini Ümumdünya İrs Siyahısına daxil etməsi isə bundan sonra qədim şəhərdə—əsrlərin sınağından çıxmış təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpasını, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsini, istirahət turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir.

Məlumdur ki, Ermənistan işğaldan azad edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsddən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzey dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb.

Dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının autentik simasının bərpasını başlıca vəzifələrdən biri kimi önə çəkmiş ölkə başçısı İlham Əliyev Azərbaycanın mədəniyyət incisi və qürur yerimiz sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə onun əvvəlki şan-şöhrətinin özünə qaytarılması barədə fikrini ifadə edərək demişdir ki, şübhə yoxdur ki, bizimlə bərabər xarici qonaqlar da tezliklə Şuşada ənənəvi Vaqif poeziya günlərinin, “Xarıbülbül” festivalının keçirilməsinə şahidlik edəcəklər, dahi Üzeyir Hacıbəylinin musiqisini onun öz doğma vətənində—Qarabağ diyarında dinləyəcəklər. Yeni Şuşa yolunun tikintisi və Füzuli ərazisində beynəlxalq aeroportun inşası barədə ən yüksək səviyyədə qəbul olunmuş qərar məhz bu məqsədlərə xidmət edir.

İnanırıq ki, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyəsi bundan sonra da Qarabağ Zəfərinin məntiqi davamı kimi dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biri olacaqdır.

Zümrüd QURBANQIZI,

“Respublika”.