Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2022-ci il üzrə nəzərdə tutulmuş planları açıqlanıb
Mədəniyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2022-ci il üzrə nəzərdə tutulmuş planları açıqlanıb

Mədəni irsin qorunması işinin kompleks şəklində təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri 2021-ci ildə də davam etdirilib. İl ərzində 110 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb, 72 abidənin isə mühafizə zonası ilə bağlı sənədləri başa çatdırılıb. Hazırda daha 155 abidənin 2022-ci il ərzində hazırlanması və daha 108 abidə ilə bağlı mühafizə zonasına dair layihənin hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Azad Cəfərli bildirib ki, görülən işlərdən biri də daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, artıq Şabran rayonunda yerləşən dünya əhəmiyyətli "Çıraqqala" abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir.

"V-VI əsrlərə aid "Çıraqqala" mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir. Digər bir məsələ Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması ilə bağlıdır. Artıq bu işə də başlanılıb və 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur",- deyə Azad Cəfərli bildirib.

İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi olduğunu deyən Azad Cəfərli bildirib ki, onlardan 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Rəhbərlik etdiyi qurumda aparılan islahatlardan danışan Dövlət Xidmətinin rəisi Azad Cəfərli söyləyib ki, islahatlar çərçivəsində Prezidentin müvafiq Fərmanı əsasında regional idarələr yaradılıb. Bu idarələrin yaradılması Dövlət Xidmətinin effektivliyinin daha da artırılması, eləcə də tarix və mədəni abidələrin qorunması nöqteyi-nəzərindən dövlət nəzarətinin təkmil formada həyata keçirilməsi məqsədi daşır. Bu məqsədlə Bakı, Gəncə, Şabran, Qəbələ, Salyan regional idarələri təsis olunub: "2021 ildə abidə mühafizəçilərini müsahibə yolu ili ən qabaqcıl təcrübələrə söykənərək seçilməsi adları çəkilən regional idarələrin işinə müsbət təsir göstərib".

Bildirib ki, Xocavənd rayonunda "Azıx-Tağlar mağara düşərgələri" Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib. Onun sözlərinə görə, bununla bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılacaq.

Azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar "Yol Xəritəsi" sənədinin hazırlandığını deyən Azad Cəfərli bildirib ki, infrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim olunub.

O, həmçinin Şuşa şəhərindəki abidələrin "Bərpa təlimatı"nın hazırlandığını söyləyib: "Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb. Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır".

Regional idarələrin yaratmaqda əsas məqsədin abidələrin mühafizəsinin həyata keçirilməsini asanlaşdırmaq olduğunu söyləyən Azad Cəfərlinin sözlərinə görə, mərkəzi ofis bütün ölkə üzrə 6000-dən çox abidənin qorunmasına nəzarət edə bilməz: "Yaxud bilavasitə Dövlət Xidmətinin cavabdeh olduğu 4400-dən çox abidənin hər birinə mühafizəçi qoyulması əlçatan deyil. Biz hazırda abidələri tarixilik və önəmlilik dərəcəsinə görə bərpa siyahısına salmağa çalışırıq".

Xidmət rəisi regional idarələrin qarşısında həmin regionlarda yerləşən abidələrə mütəxəssislər tərəfindən baxış keçirilməsi, hüquq-mühafizə orqanları və yerli icra orqanları ilə işləmək kimi vəzifələrin qoyulduğunu vurğulayıb: "İlk növbədə vətəndaş olaraq biz bu abidələri qorumağa çalışmalıyıq".

Xidmət rəisi Bakı və Abşeron üzrə dağılmaqda olan abidələrə çevik şəkildə baxmaq üçün xüsusi proqramın olduğunu deyib: "Ölkə üzrə abidələrin ən çox təmərküzləsdiyi ərazi məhz, bu ərazidir. Hazırda Bakı və Abşeron üzrə 1088 abidə var".

Sonda jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC