Mədəni-tarixi irsimiz dünyaya tanıdılır
Digər xəbərlər

Mədəni-tarixi irsimiz dünyaya tanıdılır

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan qədimdən bəri tarixçilərin, salnaməçilərin və səyyahların böyük marağına səbəb olmuşdur. Ölkəmiz qədim və orta əsrlər dövrünə aid saysız-hesabsız mədəniyyət nümunələri ilə onu görənləri heyrətləndirmişdir. Azərbaycanın zəngin mədəni və ədəbi irsinin dünyaya tanıdılması hər zaman ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətin prioritet işlərindən olmuşdur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrdən olan səyahətçilər qrupunun Azərbaycana səfərləri təşkil olunmuşdur. Baş tutan səfərlər ölkəmizin zəngin mədəniyyətini dünyaya çatdırmaq, inkişafına təkan vermək və turizm sektorunu genişləndirmək məqsədi daşıyır. Azərbaycan bu səfərləri təşkil etməklə, həm qonaqpərvər ölkə olduğunu, həm də 30 il ərzində mənfur düşmən tərəfindən mədəniyyət abidələrimizin necə dağıdıldığını və ərazilərimizin viran qaldığını da bir daha dünya ictimaiyyətinə çatdırır.

Səfərlərin təşkilinə İkinci Qarabağ müharibəsindən sonra başlanıldı. İlk səfər 2021-ci il 27 sentyabr tarixində baş tutmuşdur. Sözügedən səfərdə müxtəlif ölkələrdən gələn səyyahlar Xocavənd rayonunda daş dövrü insanlarının yaşadığı Azıx mağarası ilə tanış olaraq onun tarixi əhəmiyyəti barədə dəyərli məlumatlar əldə etmişlər. Daha sonra səyahətçilər qrupu Şuşa şəhərinə yollanmış, Ermənistanın xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarını gözləri ilə görmüşlər. Beynəlxalq siyasətçilər qrupu Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə apardığı yenidənqurma işləri ilə tanış olaraq bərpa işlərini yüksək qiymətləndirmişlər.

Beynəlxalq səyyahlar qrupu ölkəmizə ikinci dəfə 2022-ci il 16 fevral tarixində səfər etmişdir. Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda olmuşdur. Xarici qonaqlar işğaldan azad edilmiş ərazilərə baş çəkərək ermənilərin işğal müddətində bu ərazilərdə törətdiyi vəhşilikləri, vandallıqları ilə bir daha yaxından tanış olmuşlar. Xaricdən gələn səyyahlara işğal müddətində Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı, yaşayış məntəqələrinin yer üzündən silindiyi barədə ətraflı məlumatlar verilərək bunun insanlığa qarşı ən vəhşi cinayətlərdən olduğu diqqətə çatdırılmışdır.

Xarici səyahətçilərin növbəti səfəri 2022-ci il 8 sentyabrda reallaşıb. Bu səfərdə də digərlərində olduğu kimi, 20-dən çox ölkənin 40-a yaxın əcnəbi səyyahı iştirak edib. Səfər üç gün davam edib. Səyyahlar ilk gün Şuşa və Ağdama səfər etmiş və orada görülən işlərlə tanış olmuşlar. Daha sonra xaricdən gələn səyahətçilər qrupu Füzuli, Xocavənd, Zəngilan (Ağalı kəndi) və Cəbrayıl (Xudafərin körpüsü) rayonlarını ziyarət etmişlər.

Bu səfərdən sonra 2022-ci il 10 sentyabr tarixində işğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilmişdir. Konfransda səyyahlar işğaldan azad olunmuş ərazilərdə görülən bərpa və quruculuq işlərinin yüksək səviyyədə aparıldığını bildirmişlər. Norveçli səyyah Yorn Auqstad səfər barədə təəssüratlarını bölüşmüşdür: "Qarabağ barədə təəssüratlarımı bir sözlə ifadə etmək çox çətindir. Ancaq demək olar ki, orada baş vermiş dağıntıları və həyata keçirilən yenidənqurma işlərini görmək insanda müxtəlif hisslər yaşadır".

Bu səfərlərdən əlavə, 2022-ci il tarixində səyahətçilərin işğaldan azad olunmuş ərazilərə növbəti 2 səfəri də baş tutmuş, qrup Ağdamın "Cümə" məscidi, Kəlbəcərin "İstisu" kimi mədəni-tarixi abidələrinə baş çəkmişlər.

Bu günlərdə beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Baş tutacaq səfər çərçivəsində 12 ölkəni 30 nəfərlik heyət təmsil edəcək. Xarici səyyahlar bir daha azad edilmiş ərazilərdəki dağıntılar, burada aparılan yenidənqurma və minatəmizləmə işləri ilə tanış olacaqlar.

Nəzrin ELDARQIZI,

"Respublika".