Mədəniyyət hər bir xalqı dünyaya tanıdan amildir
Mədəniyyət

Mədəniyyət hər bir xalqı dünyaya tanıdan amildir

Yola saldığımız il mədəni tədbirlərlə zəngin olub

Daha bir il sona çatır. Təbii ki, əvvəlki illərdə olduğu kimi, 2022-ci il də müxtəlif hadisələrlə zəngindir. Gəlin, il ayrıcında ötən bir ildə mədəniyyət sahəsində baş verən hadisələrə ötəri nəzər salaq. Çünki yaşadığımız belə bir dünyada dövlətin müstəqil inkişaf xəttini qoruyub saxlaması, yaranmış reallıqları yeni fürsətlərə çevirməsi baxımından mədəniyyət hər bir ölkə üçün əhəmiyyətlidir.

Mədəniyyət tarix boyu dövlətlərin iqtisadi, siyasi və hərbi gücü ilə yanaşı addımlayır. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir. Əlamətdar günləri heç zaman diqqətdən kənarda qoymayan dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar tarixi əhəmiyyətlə yanaşı, milli-mədəni irsimizə verilən yüksək qiymətdir. Beləliklə, yola saldığımız il hansı mədəni hadisələrlə yadda qaldı?!

İlk öncə onu deyək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il imzaladığı ən mühüm sərəncamlardan biri 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı oldu. Bu, ölkə rəhbərinin azad yurdlarımızın dirçəlişinə verdiyi yüksək önəmin ifadəsidir. 2022-ci ildə Şuşa şəhərinin təməlinin qoyulmasından 270 il keçir. Şuşa şəhərinin qurucusu Pənahəli xan bu gözəl məkanın təməl daşını 1752-ci ildə qoyub. "Şuşa İli" elan olunması bir tərəfdən ulu yurdun bərpası tədbirlərinin sürətləndirilməsinə xidmət edir, digər tərəfdən də tarixən azərbaycanlıların qədim şəhəri olan Şuşanın dünyada tanıdılması üçün geniş imkan yaratdı. Vətən müharibəsindəki tarixi qələbəmiz mədəniyyət sahəsində də böyük dəyişikliklərin əsasını qoydu.

Daha sonra Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bülbülün, Natəvanın, Üzeyir bəyin büstləri yenidən Şuşaya qovuşdu. Bülbülün Şuşadakı ev-muzeyi bərpa edildi. 30 illik fasilədən sonra "Xarıbülbül" festivalı yenidən vətənində keçirildi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri yüksək səviyyədə təşkil olundu. Şuşada aparılan quruculuq işlərinə paralel olaraq həyata keçirilən bütün bu tədbirlər şəhərin mədəni həyatını canlandırdı.

Qələbəmizin simvolu olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Həmin əlamətdar gün dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin milli yaddaşına fəxarət hissi kimi əks olundu. Möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Qurultaydakı çıxışında dövlət başçısı demişdir: "Biz bu gün azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplanır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır".

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildi.

Dekabrın 6-da isə Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Dövlət rəhbərinin həyata keçirdiyi siyasət sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti mədəniyyət sahəsində reallaşdırılan düşünülmüş siyasətlə də beynəlxalq aləmdə zəngin potensiala və yüksək mədəniyyətə malik ölkə kimi nüfuz qazanıb. Xalqımızın milli-mədəni dəyərlərinin dünyada təbliği, humanitar əlaqələrimizin genişlənməsi, əsrlər boyu bəşər mədəniyyətinə nadir töhfələr vermiş şəxsiyyətlərimizin müasir dünyaya təqdimatı Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətidir.

Mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısının həyata keçirilməsidir. Prezident İlham Əliyev bu xüsusda olan çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır: "Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır". Bu mənada dünyaşöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin Bakıda abidəsinin açılışı oldu, 80 illik yubileyi qeyd edildi. Tədbir zamanı Prezident İlham Əliyevin bənzərsiz Müslüm sənəti barədə söylədiyi fikirlər, müğənni ilə bağlı xoş xatirələr də mədəniyyətimizə hörmətin ifadəsi kimi hər kəsdə xoş duyğu yaratdı.

Bakının ən görkəmli yerlərindən birində adı hər zaman xeyirli əməlləri ilə xatırlanan Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilin ən xoş hadisəsi kimi yaddaşlarda qaldı.

XX əsrdə yaşayıb-yaratmış xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin qeyd edilməsi də Azərbaycanın bədii fikrinin görkəmli siması Natəvanın yaradıcılığına hörmətin, diqqətin ifadəsi idi.

Azərbaycanın zəngin mədəniyyətinin beynəlxalq aləmdə təbliği də diqqət mərkəzində saxlanılıb. Belə ki, 2022-ci ilin 1-6 may tarixlərində ABŞ-da BMT-nin Baş qərargahında 20-dən çox ölkənin bu qurum yanında daimi nümayəndələrinin iştirakı ilə Azərbaycan tərəfindən irəli sürülmüş "Mədəniyyət naminə sülh" qlobal çağırışının 2022-2027-ci illər üçün Fəaliyyət Planının təqdimat mərasimi olmuşdur. Tədbirdə açılış nitqilə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq kontekstində verdiyi əvəzsiz töhfələrdən bəhs etmişdir.

UNESCO-nun Qeyri-maddi-mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının müvafiq Reprezentiv Siyahısına əlavə olunması üçün "İftar və onunla bağlı sosial-mədəni ənənələr" və "Təzhib - İşıqlandırma sənəti" adlı nominasiya faylları yazılmış, müvafiq audio-vizual materiallar hazırlanmış və dosyelər UNESCO-ya təqdim edilmişdir.

Mədəniyyət paytaxtımz Şuşa şəhərinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə dair namizədlik sənədinin hazırlanıb təqdim olunması məqsədilə də müvafiq işlər görülür. Xudafərin körpülərinin, Azıx və Tağlar mağara düşərgələrinin, Xəzər istehkamlarının UNESCO-nun ilkin siyahısına salınması istiqamətində də iş davam etdirilir.

Kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kinematoqrafiya Agentliyi" (ARRA) adlı publik hüquqi şəxsin yaradılması ilə layihə müvafiq qurumlarla razılaşdırılaraq ölkə rəhbərliyinə təqdim olunmuşdur. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında" 2022-ci il 20 aprel tarixli Fərman imalamışdır. Fərmana əsasən Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq sənədlərin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması istiqamətində işlər davam etdirilir.

Həmçinin milli kino sənayesini, ölkəmizin turizm potensialını inkişaf etdirmək məqsədilə Azərbaycanı dünyada kino çəkiliş məkanına çevirməklə bu sahəyə əlavə gəlir mənbəyi qazandıran "Filming Azerbaijan"ın (Azərbaycan Film Komissiyası) yaradılması ilə bağlı normativ-hüquqi sənədlər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim etilmişdir. Göründüyü kimi, il ərzində həyata keçirilən tədbirlərin siyahısı zəngindir.

Zümrüd QURBANQIZI,

"Respublika".