“Mədəniyyət kəndlərdə” adlı layihəyə start verilib
Region

“Mədəniyyət kəndlərdə” adlı layihəyə start verilib

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Mədəniyyət kəndlərdə” adlı yeni layihə çərçivəsində ilk tədbir Mahmudavar kəndində keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, yerli sakinlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəl Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev ilk tədbirin Mahmudavar kəndində təsadüfən keçirilmədiyini, bölgənin zəngin folklorunu, mədəni ənənələrini yaşadan “Halay” xalq folklor ansamblının vaxtilə bu kənddə yaradıldığını və nəinki respublikamızda, onun hüdudlarından kənarda da yaxşı tanındığını, böyük şöhrət və nüfuz qazandığını diqqətə çatdırıb. Ansamblın bu yaxınlarda Şuşa şəhərində keçirilmiş musiqi festivalında da uğurla çıxış etdiyini bildirib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışında bildirib ki, layihənin məqsədi rayonun kəndlərində mədəniyyət müəssisələrinin işinin gücləndirilməsi, mədəni mühitin canlandırılması, istedadlı və yaradıcı gənclərin aşkarlanması və potensialının dəstəklənməsindən ibarətdir. Layihənin icrası nəticəsində mədəniyyət müəssisələrinin fəaliyyətində müsbət irəliləyişlər əldə ediləcək, istedadlı gənclərin yaradıcılıq imkanlarına lazımi dəstək veriləcəkdir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova layihənin əhəmiyyətindən, kəndlərdə mədəniyyətin inkişafına verəcəyi töhfələrdən söz açıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Mahmudavar kəndinin tarixi və arxeoloji abidələri, coğrafi mövqeyi, təsərrüfat həyatı, ziyalıları, mədəni mühiti, zəngin folkloru, adət-ənənələri haqqında geniş məruzə edib.

Sonra “Halay” xalq folklor ansamblının çıxışı dinlənilib. Vətən sevgisini və şəhidlik zirvəsini vəsf edən bayatılar səslənib, tələbə və şagirdlər vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Layihəyə qoşulan mədəniyyət müəssisələrinin qədim əşyalardan, xalq sənətkarlığı nümunələrindən və əl işlərindən hazırladıqları sərgi, istedadlı gənclərin rəsm əsərləri nümayiş etdirilib.

Tədbirin sonunda rayonun mədəni həyatında fəal iştirak edən bir qrup istedadlı gəncə “Təşəkkürnamə”lər təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.