MƏDƏNİYYƏTİMİZİN BEŞİYİ ŞUŞA
Mədəniyyət

MƏDƏNİYYƏTİMİZİN BEŞİYİ ŞUŞA

Dövlət başçısı İlham Əliyevin 6 dekabr 2022-ci il tarixində imzaladığı Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamı bütün türk dünyasında sevincə səbəb oldu.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Əbədiyaşar lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hələ, 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı ilə bağlı bir neçə xüsusi qərar qəbul edilmişdi.

Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Bəli, Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin beşiyidir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan dövlət başçısı İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin  birində "Şuşasız bizim işimiz yarımçıq olar", demişdi.  

Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Memarlıq və şəhərsalma mədəniyyətinin 270 illik tarixə malik bu parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərini işğaldan azad etməklə xalqımızın qürurunu özünə qaytardı və baş tacımız olan Şuşada müstəqil Azərbaycanın üçrəngli bayrağını dalğalandırdı. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Bəli, məhz Şuşanın işğalından sonra digər rayonlar da işğala məruz qalmışdı. Çünki Şuşanın strateji əhəmiyyəti itirilmiş və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etmişdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcər də işğal olunmuş və beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. Bizim məğlubiyyətimiz qaçılmaz idi, çünki o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi. Ancaq  Azərbaycan xalqı  heç vaxt bu işğalla barışmaq fikrində deyildi.

Məlumdur ki, danışıqlar prosesi 30 ilə yaxın davam etsə də, bunun heç bir nəticəsi olmadı. Hadisələrin indiki gedişatı, İkinci Qarabağ müharibəsi dövrü və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Lakin ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etdi ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan, Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, qəhrəman, şanlı ordumuzun dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi.

Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılışında demişdir: "Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik".  

Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Onu xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın bərpası yanvarın 14-də dövlət başçısının buraya səfərindən sonra başlamışdır və qısa müddət ərzində burada böyük işlər görülüb. İlk növbədə, yol çəkildi. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi. Yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən şəhərin su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin məqbərəsi və büstü, Natəvan bulağı bərpa edildi. Məscidlərdə təmir-bərpa işləri gedir. Bu məscidlərin təmirini isə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Onu xüsusilə qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin dağıdılmış evi indi çox gözəl muzeydir. "Qarabağ" hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Şuşanın Baş Planı əsasında yaşayış kompleksi inşa ediləcək. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar.

Azərbaycan xalqına  bu zəfəri  yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə  və şanlı, cəsur Ordumuza borcluyuq.  Bu Zəfər, eyni zamanda  Ordu-Xalq-Prezident birliyinin bariz nümunəsidir.

Zabit XƏLİLOV,

"Respublika".