“Media haqqında
Digər xəbərlər

“Media haqqında" qanun bu sahədə olan pərakəndəliyin qarşısını alacaq

2022-ci il fevral ayının 8-də Prezident İlham Əliyev "Media haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Fərmana əsasən həyata keçirilən tədbirlərdən biri də media reyestrinin yaradılması, jurnalistlərin və media subyektlərinin "Media haqqında" qanunun tələblərinin pozulmaması şərti ilə yenidən qeydiyyatdan keçirilməsi, gələcəkdə bu sahədə çalışan insanların peşə və əmək qabiliyyətini nəzərə alaraq onların maddi-məişət və sosial ehtiyaclarının qarşılanmasında şəffaflıq mühitinin təmin olunmasıdır.

Qanunvericilik bazası olaraq fərmandan irəli gələn vəzifələrdən biri də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması, rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Azərbaycan Respublikasının Konstitusiyanın 50-ci maddəsinə əsasən, insanlar qanuni vasitələrlə məlumat axtara, əldə edə, ötürə, hazırlaya və yaya bilərlər. Konstitusiya KİV-ə dövlət senzurasını qadağan edir. Konstitusiya ilə yanaşı, digər qanunlar, müvafiq qərarlar söz azadlığının müxtəlif aspektlərini tənzimləyir.

1999-cu ildə qəbul edilmiş "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun çap mediası üçün tənzimləyici baza rolunu oynayırdı. Özündən əvvəlki yerli qanunlarla müqayisədə KİV haqqında qanun 2001-ci ildə edilmiş dəyişikliklərdən KİV-in qorunmasına təminat, senzura və müdaxilənin qadağan edilməsi kimi müsbət cəhətləri özündə əks etdirirdi. Ancaq beynəlxalq standartların fonunda qanun çatışmazlıqlardan xali deyildi, bu çatışmazlıqlar yerli və beynəlxalq ekspertlər tərəfindən tənqid olunurdu. 2014, 2015 və 2016-cı illərdə həmin qanuna əlavə və dəyişikliklər (media platformalarının yaradılması və media platformasının ləğvi prosedurları ilə bağlı) olunmuşdu. 2022-ci ildə "Media haqqında" yeni qanunun qüvvəyə minməsi ilə həm "KİV haqqında", həm də teleradio mediasını tənzimləyən "Televiziya və radio yayımı haqqında" qanunlar ləğv edildi.

"Media haqqında" yeni qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. "Media haqqında" qanun normativ-hüquqi aktdır.

Yeni qanunun layihəsi 2021-ci ildə yaradılmış Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanmış və Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin yanvarında imzalanmışdır.

Qanunun 73.1-ci maddəsinə əsasən Medianın İnkişafı Agentliyinə ölkədəki bütün jurnalistləri bir mərkəzdə qeydiyyatdan keçirmək və onlara press-kart vermək üçün Media Reyestrini yaratmaq hüququ verilir. Bu, Azərbaycan Prezidenti tərəfindən formalaşdırılan Medianın İnkişafı Agentliyinin nəzarəti altında fəaliyyət göstərən elektron resurs məlumatlarının toplandığı mərkəzi reyestrdir.

Artıq bir neçə müddətdir ki, "Media haqqında" yeni qanunun tələblərindən irəli gələn media reyestrinə qarşı müxtəlif səviyyələrdə kampaniyalar həyata keçirilir. Bəzi media nümayəndələri media reyestrini media azadlığına qoyulan məhdudiyyət kimi qələmə verməyə çalışır. Lakin reyestrin tələblərini araşdırsaq görərik ki, media subyektinin və media təmsilçisinin reyestrdə qeydə alınması zəruridir. Belə ki, informasiya mübadiləsinin, media subyektlərinin fəaliyyət dairəsinin vahid informasiya bazasında yerləşdiriliməsi bu sahədə olan pərakəndəliyin qarşısını almış olacaq.

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçiriləcək bir sıra tədbirlərin daha effektiv işlənməsi, jurnalistlərə və media subyektlərinə qayğı ilə yanaşılması üçün də vacibdir. Medianın inkişafı istiqamətində dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, yüzlərlə jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılmışdır və bu işlər bu gün də davam etdirilir. Lakin bu o demək deyil ki, media subyektləri öz inkişafını yalnız dövlət dəstəyi sayəsində əldə etməlidir. Burada həm də reklam bazarının inkişafı, medianın özünütənzimləməsi məsələləri ilə bağlı müxtəlif müsabiqələrin, media yarışmalarının təşkili, ölkədaxili və xarici media qurumları ilə konstruktiv layihələrin həyata keçirilməsi də vacibdir. Bu isə media reyestrinin tam fəaliyyətə başlamasından sonra görüləcək işlərə aiddir. Yəni əvvəlcə nəzərdə tutulmuş informasiya bazası yaradılmalı və sonra isə yuxarıda sadaladığımız işlər həyata keçirilməlidir.

Nurlan ABDALOV,

"Respublika".