Media sahəsində həmrəyliyə bu gün daha çox ehtiyac var
Digər xəbərlər

Media sahəsində həmrəyliyə bu gün daha çox ehtiyac var

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

Hər il sentyabrın 8-i dünyada jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd olunur. Həmin gün bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu toplantılarda təcrübə mübadiləsi ilə yanaşı, bəzən həm də qələm sahibləri çəkdikləri zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar da qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr edilib. BMT tərəfindən təsis edilmiş həmin gün sadəcə peşə bayramı kimi qeyd olunmur, həm də bütün jurnalistlərin birlik və həmrəyliyini ifadə edir.

Məlumat üçün deyək ki, çex jurnalisti, yazıçı, ədəbi və teatr tənqidçisi, antifaşist Yulius Fuçik gəncliyindən siyasətlə maraqlanmağa başlayıb, 1921-ci ildə Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri olub. 1941-ci ildə Y.Fuçik Kommunist Partiyasının ikinci mərkəzi gizli idarə heyətinin üzvü idi. 1942-ci ildə o, azadlıq hərəkatının altı digər üzvü ilə birlikdə həbs olunub.

Yulius Fuçik dünyada "Boğazı ilgəkli reportaj" adlı kitabı ilə tanınıb, Praqa həbsxanasında yazılan kitab onun ölümündən sonra dünyanın 70 dilinə tərcümə edilib.

Kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı olan Beynəlxaq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə təsis edilib. O zaman təşkilatda təxminən 20 ölkədən 25 minə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil olunurdu və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti fransız müxbiri Georges Bourdon olub. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyası təşkilatı Londonda qurmağa qərar verdi. 1946-cı ildə müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyası ləğv olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaradıldı. Soyuq müharibə dövründə Beynəlxaq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresindən sonra yenidən fəaliyyətə başladı. Bu layihənin Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılması nəzərdə tutulurdu.

 Beynəlxalq Jurnalistlər Federasiyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası və UNESCO tərəfindən rəsmi olaraq tanınıb. 1954-cü ildə Bordo şəhərində keçirilmiş Beynəlxalq Jurnalistlər Federasiyası İkinci Dünya Konqresində 18 ölkədən 43 mindən çox media işçisini təmsil edən nümayəndə heyəti jurnalist etikası ilə bağlı "Jurnalistlərin davranışına dair prinsiplər bəyannaməsi"ni qəbul etdi. 2019-cu ildə Beynəlxalq Jurnalistlər Federasiyasının 30-cu Dünya Konqresi ilk dəfə Afrikada və Ərəb ölkəsində, Tunisdə keçirildi. Konqres həm də 100-dən çox ölkədən 300 nəfərdən ibarət nümayəndə heyətinin 1954-cü ildə qəbul olunmuş Beynəlxalq Jurnalistlər Federasiyasının "Jurnalistlərin davranışına dair prinsiplər bəyannaməsi" ilə müəyyən edilmiş etik standartları gücləndirən jurnalistlər üçün qlobal etik deklorasiyasını qəbul etməsi ilə tarixə düşdü.

Mənzil-qərargahı Brüsseldə yerləşən təşkilatın bu gün 6 yüz mindən çox üzvü var və dünyanın 100 ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. 1994-cü ildən etibarən təşkilat müharibələrdə iştirak edən jurnalistləri aktiv şəkildə izləyir, onların təhlükəsizliyini və ehtiyaclarını diqqətdə saxlayır.

Bəli, 8 sentyabr jurnalist həmrəyliyi günüdür. Onun hansı ölkədə, hansı səviyyədə təmin olunduğunu demək bir qədər çətindir, çünki bu fikrə yanaşma müxtəlifdir. Elə Azərbaycanda da vəziyyət eynidir, yəni müxtəlif fikirlər səsləndirilir: "Jurnalistlər arasında heç bir həmrəylikdən söhbət gedə bilməz, hərə özü üçün çalışır. İndi hər bir mətbuat orqanı yalnız özünü düşünür, digər mətbuat orqanlarının əməkdaşlarına o qədər də dəstək vermək niyyətində deyil", - deyənlər "Azərbaycanda jurnalistlər ötən əsrin 90-cı illərinin ortalarında daha həmrəy idi", yaxud "Azərbaycan jurnalistlərinin yüksək səviyyədə həmrəy olduqlarını deyə bilmərəm, amma ümumilikdə götürəndə ayrı-ayrı məsələlərdə jurnalistlər arasında həmrəylik var", - söyləyənlər də tapılır.

Azərbaycan jurnalistlərinin prinsipial məqamlarda həmrəy olduqlarını, ən əsası ölkə, millət, Azərbaycan vətəndaşları üçün cəmiyyətin inkişafı ilə bağlı bir çox məsələlərdə əksər mətbuat, media nümayəndələrinin baxışlarının üst-üstə düşdüyünü, bu baxımdan kiçik istisnalar olmaqla Azərbaycan mətbuatının həmrəylik nümayiş etdirdiyini deyən media işçiləri jurnalistlərin sözün həqiqi mənasında həmrəyliyinin vacibliyini diqqətə çatdırır: "onda kənarda da bizə hansısa bir qeyri-obyektiv yanaşma olmaz. Bəzən deyirlər ki, jurnalistlər qeyri-peşəkardır, əgər biz həmrəy olsaq, bu cür fikirlər də bizə qarşı yönəlməz", - kimi yanaşma nümayiş etdirirlər.

Azərbaycan jurnalistləri ümumilikdə götürəndə vətən, torpaq, ölkə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı və dövlətçilik məsələlərində ötən 30 il ərzində daim həmrəylik nümayiş etdiriblər. Doğrudur, bəzi məsələlərdə fikir ayrılığı olur. Bu isə bütün sahələrdə müşahidə edilir. Bu mənada, fərqli mövqelər də ola bilər.

Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanmaqla yeni reallıqlar yaratdı. İndi bu reallıqlar dünyanın ən aparıcı dövlətləri, nüfuzlu qurumları, təşkilatları tərəfindən qəbul olunur. Ölkəmiz işğaldan azad olunmuş əraziləri öz gücünə bərpa edir, yenidən qurur. Dünyanın üzləşdiyi ən qlobal problemlərdən, çətinliklərdən şərəflə, ləyaqətlə çıxır və s. Bütün bunlara görə sevinənlər olsa da, onu gözü götürməyənlər də var. Jurnalistləri, onların peşəsini daim yüksək qiymətləndirən Azərbaycan Prezidentinin bu il peşə bayramları günündə mətbuat işçilərinə ünvanladığı təbrik məktubunda deyilir: "Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar".

Azərbaycanın media resursları bugünkü reallıqları, həqiqətləri, üzləşdiyimiz çətinlikləri, qazandığımız uğurları dünya ictimaiyyətinə doğru, dürüst şəkildə çatdırmaq üçün səfərbər olmalı, milli maraqlarımız naminə həmrəylik nümayiş etdirməlidir. Həmrəylik olarsa, qərəzdən, subyektivlikdən uzaq, obyektivliyə daha yaxın olarıq!..

Zümrüd QURBANQIZI,

"Respublika".