Medianın İnkişafı Agentliyi Binəqədi rayonu ərazisində hücuma məruz qalan jurnalistlə bağlı məlumat yayıb
Digər xəbərlər

Medianın İnkişafı Agentliyi Binəqədi rayonu ərazisində hücuma məruz qalan jurnalistlə bağlı məlumat yayıb

Medianın İnkişafı Agentliyi (MEDİA) mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə bağlı məlumat yayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.

Jurnalistlə telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək.

AZƏRTAC