Medianın İnkişafı Agentliyi media sahəsində əsaslı yeniliklər edir
Digər xəbərlər

Medianın İnkişafı Agentliyi media sahəsində əsaslı yeniliklər edir

Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum -Medianın İnkişafı Agentliyi yaradıldı.

Yeni informasiya mühitinin formalaşdırılması, informasiya məkanında keyfiyyətli dəyişikliklər edilməsi, milli mətbuatımızın beynəlxalq informasiya məkanına inteqrasiya olunması və s. bu kimi mühüm problemlərin həllini qarşıya məqsəd qoyan Agentlik yarandığı gündən respublika ərazisində media savadlılığının artırılması, media nümayəndələrinin sərbəst fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Özünəməxsus, keşməkeşli inkişaf yolu keçmiş Azərbaycan mediası bütün dövrlərdə, eyni zamanda XX əsrin sonlarında söz, mətbuat azadlığının olmadığı dövrdə bütün maneələri aşaraq ölkəmizdə baş verən hadisələrin, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərmişdir.

Hər zaman dövrünün reallıqlarını əks etdirən milli mediamızın bu gün yenilənməyə, keyfiyyətli dəyişikliklərə, inkişafa, sözün əsl mənasında ehtiyacı var. Belə ki, müasir dövrdə qabaqcıl texnologiyaların geniş tətbiqinə, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına tələbatın artması media sahəsində əsaslı islahatların aparılmasına zərurət yaratmışdır. Medianın bütün seqmentlərinə, o cümlədən online mediaya dövlət dəstəyinin həyata keçirilməsi, perspektiv media resurslarının stimullaşdırılması, peşəkar jurnalistikanın inkişafı, media sahəsində idarəçilik, menecment və digər sahələr üzrə treninqlərin təşkil olunması bu gün vacib məsələlərdəndir. Jurnalistlərin peşə və ixtisasının artırılması, onların hüquqlarının təmin olunması ilə bağlı təkliflərin verilməsi, media subyektləri ilə birbaşa işin təşkil olunması ilə bağlı müxtəlif layihələrin, təkliflərin işlənib hazırlanması və s. yeni yaradılmış Medianın İnkişafı Agentliyində aparılan islahatların tərkib hissəsidir.

Bu günlərdə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma Memorandumu imzalanmışdır. Seminarda Aljazeeranın baş müxbiri Resul Serdar və meneceri Rene Ode “Xəbərlər şöbəsinin səmərəli idarə edilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzusunda çıxış etmişlər. Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, bu sahədə innovativ təcrübələri araşdırmaq və mövcud nəzəriyyələrə uyğun şəkildə ölkədə media islahatları prosesinə təkan vermək olmuşdur. 75 media qurumunun rəhbər üzvünün iştirak etdiyi seminarlarda Aljazeera və Haber Globalın mütəxəssisləri öz təcrübələrini bölüşmüşlər.

Seminarlara ikinci qrup media nümayəndələri - çap, online, media və internet televiziyalarının təmsilçiləri də qatılmış, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında qanun layihəsi: yeni imkanlar və istiqamətlər” mövzusunda çıxış edərək layihədə yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat vermişdir.

Media sahəsində şəffaflığın təmin edilməsi, media mənsublarının sosial müdafiəsinin gücləndirilməsi, jurnalistikanın, media mühitinin sağlamlaşdırılması və s. Media Agentliyinin qarşısında duran həlli vacib məsələlərdəndir. Bu baxımdan, media subyektlərində çalışanların peşə ixtisaslarının artırılması üçün müxtəlif kursların həyata keçirilməsi və bu kursların jurnalistlərlə yanaşı, texniki heyəti də əhatə edəcəyi nəzərdə tutulur. Bu barədə Agentliyin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, təkcə media subyektində işləyən jurnalistlərin deyil, eyni zamanda digər əməkdaşların da peşə və ixtisaslarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi Agentliyin fəaliyyət sferasına daxildir. Belə ki, istər çap mediası, istərsə də online media sahəsində çalışan texniki heyətdən tutmuş jurnalistə, redaktora qədər hər kəs təlim və seminarlardan yararlana biləcəklər.

Agentlik tərəfindən milli media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və təcrübə mübadiləsinin aparılması istiqamətində də tədbirlərin həyata keçirilməsi planlaşdırılır: “Biz artıq monitorinq həyata keçirərək konkret sahələri müəyyən etmişik. Bu sahələrin də, siyahının da genişləndirilməsi artıq media subyektlərinin rəhbərləri və jurnalistlər ilə müzakirədə bəlli olacaq və bundan sonra hansı xarici media subyektləri, yaxud hansı xarici dövlətlərdəki partnyorlarla əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək. Bununla yanaşı, jurnalistlərlə bərabər, dizaynerlər, işıq operatorları, rejissorlar, aparıcılar və s. kateqoriyalı media işçilərini də əhatə edən tədbir və treninqlərin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, treninqlərin keçirilməsində dil bacarıqları mühüm amildir ki, bu istiqamətdə işlər aparılarkən bu məsələ diqqətdə saxlanılacaq”.

Bütün bunlar isə media sahəsində çalışan bütün həmkarlarımızın peşəkarlığının artırılmasına, eyni zamanda milli mediamızın inkişaf etməsinə, müxtəlif sahələrdə yüksək səviyyədə ixtisaslaşmasına səbəb olacaq. Medianın İnkişafı Agentliyinin fəaliyyətinin əsasında da bu dayanır.

Mehparə ƏLİYEVA,

“Respublika”.