Məğlub ölkə regionda məkrli siyasətini davam etdirir
Siyasət

Məğlub ölkə regionda məkrli siyasətini davam etdirir

Ermənistanın baş naziri növbəti dəfə gülünc bəyanatlar səsləndirib

Qarabağ müharibəsi... Onun başlanması, torpaqlarımızın hissə-hissə zəbt edilməsi, soydaşlarımızın qaçqın və məcburi köçkünə çevrilməsi, ötən 30 il ərzində yaşanan müsibətlər, faciələr tariximizin acı səhifələridir. Bu tarixi sakitcə vərəqləyib o səhifələri laqeydliklə bir-bir çevirmək mümkün deyil. O zaman gözünü dünyanın sülhpərvər təşkilatlarına dikən Azərbaycan haqq səsimizi eşidib ədalətli bir qərar çıxaran hansısa quruma bizi bu bəlalardan xilas edəcək qüvvə kimi baxır, bütün əzabların tezliklə bitəcəyinə ümid edirdi. Elə dünyanın ən nüfuzlu qurumu Birləşmiş Millətlər Təşkilatını da o yerdə görürdük.

Hələ 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalanda BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin ölkəmizin ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul olunmuşdu. Təəssüf ki, o qətnamələr 30 ilə yaxın bir müddət ərzində icra edilmədi, Ermənistan bu nüfuzlu təşkilatın qərarlarını heçə saydı. 30 il ərzində işğalçı ölkə zəbt etdiyi torpaqlarda vandalizm aktı törətdi, etnik təmizləmə apardı, azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu, o ərazilərdə qanunsuz məskunlaşma siyasətini həyata keçirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi işğala son qoydu, ərazi bütövlüyümüzü, suverenliyimizi, həmçinin BMT-nin qəbul etdiyi və icra edilməmiş qətnamələrini özü yerinə yetirdi. Ermənistan 10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulan müddəaların yerinə yetirilməsindən boyun qaçırdı. Belə ki, bəyanatın qəbul edilməsindən 2 il keçməsinə baxmayaraq, Ermənistan danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalaraq tez-tez təxribatlar törədir, gərginlik yaradır, sülh müqaviləsinin bağlanmasını ləngidir.

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törətməsi də o məkrli planın tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verdi, qarşıdurmada ölənlər, yaralananlar oldu.

Sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar iclas keçirildi. İclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi cəfəng bəyanatlarla çıxış etdi. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında son eskalasiya barədə ətraflı məlumat verib erməni tərəfin uydurma təhrikli bəyanatlarına aydınlıq gətirdi. Daha sonra bildirdi ki, Ermənistan siyasi və hərbi təxribatlara əl atmaqla iki ölkə arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən yayınmağa, dövlətlərarası münasibətlərin normallaşması prosesini pozmağa, ikitərəfli məsələlərin həllinə üçüncü tərəfləri cəlb etməyə, öz ərazi iddialarını və revanşist məqsədlərini dəstəkləmək üçün gərginliyin coğrafiyasını genişləndirməyə çalışıb. Beynəlxalq birlik Ermənistanın BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan siyasətini və hərəkətlərini qətiyyətlə pisləməli, Ermənistandan öz beynəlxalq öhdəliklərinə tezliklə riayət olunmasını tələb etməli, onların yerinə yetirilməsinə diqqəti artırmalıdır. Azərbaycan gələcəyin əsasını möhkəm sülhün, inkişafın, tərəqqi və mehriban qonşuluğun təmin edilməsində görür. Ölkəmiz münaqişədən zərər çəkmiş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası səylərini davam etdirmək, habelə öz xalqının təhlükəsizliyinə və firavanlığına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhdidlərin bütün qanuni vasitələrlə qarşısını almaq, aradan qaldırmaq əzmindədir.

Sentyabrın 22-də keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə gülünc bəyanatlar səsləndirib. O, 21 dəqiqəlik çıxışında Ermənistanın regional siyasətinin, əslində nə qədər məkrli olduğunu ortaya qoyub. Paşinyan çıxışı zamanı sentyabrın 12-də dövlət sərhədində başlayan və bir neçə gün çəkən gərginlikdə Azərbaycanı ittiham edib. O, bizim əsgərlərin mülki əhaliyə atəş açdığını bildirib.

Təbii ki, Ermənistanın baş nazirinin səsləndirdiyi fikirlər boş bir iddiadır. Əvvəla, gərginliyin yaranmasına əsas səbəb Ermənistanın sentyabrın əvvəllərindən etibarən təkrarlanan təxribatları olmuşdu. İkincisi, Azərbaycan tərəfi ermənilərə adekvat cavab tədbiri görüləcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdi. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin sayı-hesabı yoxdur. Onlar öz xislətlərinə sadiqdirlər. Tarix boyu xalqımıza qarşı törətdikləri təxribat, terror, hərbi cinayət heç səngimir. Yaxın tariximizdəki Xocalı faciəsi bütün dünyaya məlumdur. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlardan çox uzaq məsafədə yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərlər raket hücumlarına məruz qaldı, onlarca mülki şəxs həlak oldu, yaralandı. Həmin ərazilərdə yaşayan insanlara maddi, mənəvi ziyan dəydi. Ermənilər bu hərbi cinayətləri 44 gün ərzində ara vermədən davam etdirdilər, özü də bütün dünyanın gözü qarşısında. İndi Nikol Paşinyan haqdan, ədalətdən, heç zaman məhəl qoymadığı qanunlardan, konvensiyalardan dəm vurur, sərsəm açıqlamalar verir. Buna onun haqqı varmı? Əlbəttə, yox!

30 il torpaqlarını işğal altında saxladığı, o yerləri xarabazarlığa çevirdiyi, insanlarını qətlə yetirdiyi, yeraltı, yerüstü sərvətlərini qanunsuz olaraq mənimsədiyi, ən əsası nə vaxtsa qoynuna sığındığı bir ölkəni ittiham etməyə nə mənəvi, nə də hüquqi əsası var. Buna deyirlər: "Utanmasan, oynamağa nə var!". Bəli, siyasət də bir oyundur, lakin onun öz qaydaları var. Siyasi cəhətdən naşı olan Paşinyan isə bəzi dairələrin əlində özü oyuncağa çevrilib. Siyasət meydanı onun üçün Cıdır düzü deyil ki, dəsmal götürüb yallı getsin. Heç onu da sonadək oynaya bilmədi, çünki həmin dəsmalı ağ bayraq, təslim əlaməti kimi havada yellədi.

BMT Baş Assambleyasının 77-ci sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov çıxışında deyib: "İki gün əvvəl biz Ermənistanın baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu... Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq...".

Zümrüd QURBANQIZI,

"Respublika".