Mehdi Abbasov
Sosial həyat

Mehdi Abbasov

Azərbaycanın Milli Qəhrəmanı Mehdi Yusif oğlu Abbasov 1960-cı ilin yanvar ayının 1-də Qərbi Azərbaycanda, Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. Didərginlik Mehdinin hələ uşaqlıq taleyinə yazılmışdı. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib uzaq Qazaxıstana üz tutanda Mehdinin on altı yaşı vardı. O, valideynləri ilə birlikdə Qazaxıstan Respublikası Tülkübas rayonunun Kulan kəndinə gəlir. Bir müddət kənddəki Kuybışev adına sovxozda traktorçu işləyir. 1980-ci ildə sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə verir. Bir ildən sonra isə Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnir.

Mehdi idmanla məşğul olmağı çox sevirdi. O, klassik güləş üzrə "SSRİ idman ustası" adı almışdı. Mehdi 1989-cu ilin noyabr ayında Daxili İşlər orqanlarında işləməyə göndərilir. 1989-90-cı illərdə SSRİ DİN-in Stavropol Ali Kurslarının müdavimi olur, sonra Enbəyşin rayonunda sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir.

Azərbaycanın başı üstünü qara buludlar alanda Mehdi qəti qərara gəlmişdi ki, ölkəmizə gəlib xidmətini Qarabağda davam etdirsin.   Mehdi 1991-ci il iyun aynın 28-də Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilir və bir aydan sonra baş leytenant rütbəsində rota komandiri kimi XTMD-də xidmətə başlayır.

O, ilk günlərdən qaynar bölgələrə getmək, döyüşlərdə iştirak etmək istəyirdi və tezliklə də arzusuna çatdı. Onun sorağı bütün cəbhəboyu ən müxtəlif yerlərdən gəlirdi. Ağdam, Goranboy, Füzuli rayonlarında keçirilən döyüş əməliyyatlarında şücaət göstərmiş, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurmuşdu.

1991-ci ilin sentyabr ayı. Mehdi öz dəstəsi ilə Goranboy rayonu ərazisində vertolyotla növbəti əməliyyatdan qayıdırdı. Bu vaxt ermənilər onları güclü atəşə tutdular. Pilot başqa çıxış yolu görmədiyi üçün vertolyotu düşmən əhatəsində yerə endirdi. Erməni quldurları heç bir təhlükə hiss etmədən irəliləyirdi. Cəsur komandir düşmən lap yaxınlaşanda məqam tapıb quldurların arxasına keçdi və avtomatdan fasiləsiz atəş açdı. Arxadan köməyə gələn ermənilər çatana kimi çoxlu sayda erməni  yerə sərildi və bununla da Mehdi öz dəstəsini təhlükədən xilas etdi.

Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı və 4 dəfə DİN-in mükafatına layiq görülmüşdü. Onun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Füzuli rayonunun Dağlıq Qarabağla sərhədində, strateji əhəmiyyətli yüksəklikdə yerləşən  Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi. Mehdi həmişə olduğu kimi yenə də ön xətdə vuruşurdu. Bu ölüm-dirim mübarizəsində snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu onu çox çətinliklə təhlükəli zonadan çıxarsa da həmin gün o, əbədi olaraq gözlərini yumdu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra baş leytenant Abbasov Mehdi Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mehdi Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır və  mərkəzi küçələrindən birinə Qəhrəmanın adı verilmişdir.

2018-ci ildə İsmayıllıda Mehdi Abbasovun həyat və döyüş yoluna həsr olunan "Xüsusi təyinat" filminin təqdimatı keçirilmişdir.

Mehdinin torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da əziz xatirəsi  xalqımızın qəlbində əbədi qalacaqdır.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

                                                                                    M.MİRZƏ,

                                                                                “Respublika”.