MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1, 2 və 3 fevral tarixli saylarımızda)

 

İsgəndər və Atropat

Gaevgamel müharibəsindən sonra Atropat siyasət səhnəsində görünmür. Nə Daranı himayə edir, nə də İsgəndərə qarşıdır. Bu dövrlər Atropatın nə işlə məşğul olduğundan hələlik məlumat yoxdur. Lakin eradan əvvəl 328-ci ildə İsgəndər Orta Asiyaya yürüş edərkən Oskadatı Midiya satraplığından azad edib. Atropatı Midiyanın satrapı təyin etdi. Hindistan səfərindən qayıdandan sonra İsgəndər Parsda (Təxti Cəmşid) olduğu zaman Atropatı kiçik Midiyanın rəyisi təyin etdi (eradan əvvəl 325).

Atropat İsgəndərə və onun siyasətinə tabe olsa da, onun əsas məqsədi vətənini və xalqını müstəqil etməkdən ibarət idi. Bu milli məqsədlərinə çatmaq üçün Atropat İsgəndərə sədaqət göstərərək, onun etimadını qazanmalı idi. Atropat edadan əvvəl 324-cü ildə öz sədaqətini İsgəndərə göstərdi. Beləki, Özünü Pars-Midiya şahı adlandıran Bariaks adlı bir nəfər tutub İsgəndərə təslim etdi.

Hindistan səfərindən qayıdan İsgəndər İranda təyin etdiyi satraplar və sərkərdələrin köməyinə yetişdi. Pis işləmiş və xəyanət etmiş komandanları cəzalandırdı. Onların arasında böyük Midiya ölkəsinin başçısı Kileandr, Mənid və Sitalq sərkərdələri də var idi. İsgəndər Hindsitsan səfəri zamanı tropat sərkərdələrinin işinə əsla müdaxilə etməmişdi. Buna görə də, o, Atropatdan razı idi və bir müddət onu öz yanında saxladı.

İsgəndər İran üzərində qələbə çalandan sonra eradan əvvəl 325-ci ildə Şuş şəhərində xüsusi şənliklər və formal qonaqlıqlar təşkil etdi. İsgəndərin xüsusi istəyi ilə Həməni dövləti satrapları, digər məsul şəxslər və Atropat da bu şənlikdə iştirak etmişdi. İsgəndərin qələbəsindən sonra belə şənlik məclisləri çox olardı. Şübhəsiz bu məclislərin proqramı əvvəlcədən Atropata bəlli olardı. Buna görə də, Atropat dəvət olunduğu bu məclislərdə necə hərəkət edəcəyini bilirdi.

İsgəndər ilə Atropatın

görüşü

Atropat İsgəndərin bütün sərkərdələri və nüfuzlu şəxslərini yaxşı tanıyırdı. O, uzaqgörənliklə öz qızını yunanlı sərkərdə və böyük şəxsiyyət Perdikasa verdi. Perdikas İsgəndərin dövlət aparatında olduqca böyük nüfuz sahibi, əliaçıq və mədəniyyətli şəxs idi. Perdikas İsgəndər vəfat etdikdən sonra onun canişini olaraq İsgəndərin yaratdığı imperatorluğu idarə etdi.

İsgəndər müxtəlif siyasi işlərini şənlik və törənlərlə birlikdə edərdi. Atropat da həmişə bu şənliklərə dəvət olunardı. Şuşda təşkil edilmiş bu məclislərin birində Atropat əylənmək adı ilə yüz nəfər at minən və oxatan qadın dəstəsini İsgəndərə təqdim etdi. Bu midiyalı qadınlar fars hərbi təlimi görmüşdülər. Bunlar amozonlardan idilər və kişi paltarı geymişdilər. Herodotun dediyinə əsasən bu qadınlar massagetlərlə qohum və eyni irqdən olan sarmatlardan idilər. Onlarda qadınlar hakim idi. Sarmatlar o zaman həm bugünkü Dağıstan və Şimali Azərbaycanda, həm də Qafqaz dağlarının şimalında Həştərxan bölgəsində yaşayırdılar. Əhəmənilər dövründə onlara rəsmən tabe olmamışdılar. Onlar Midiya satrapı ordularının sıralarında əhəmənilərin xeyrinə döyüşürdülər. Əhəmənilər dövründə Atropat kadusilər, albanlar, sakasenlər və s. kiçik Qafqaz xalqları kimi sarmatlarla da mütəffiq idilər. İsgəndər bugünkü Azərbaycanın bu hissələrinə yürüş etmədi və nəticədə onların qoşun quruluşu və vəziyyəti əvvəllər olduğu kimi qaldı. Atropatın İsgəndərə təqdim etdiyi yüz cəngavər amazon qadın şübhəsiz ki, həmin sarmatlardan və ya onlara yaxın xalqlardan imişlər və Atropat özü onları yetişdirmişdi. Sarmatlar qədim türk xalqlarının bir qolu olmuş və o dövrlərdən bugünkü Şimali Azərbaycanın müəyyən yerlərinin əsl sakinlərinə çevrilmişdir.

Demək bugünkü Şimali Azərbaycanda o zaman yaşayan müxtəlif kiçik xalqlar - kaspilər, albanlar, sakasenlər və s. əhəmənilər dövründə Midiya satraplığına tabe olduqları kimi İsgəndər zamanında da Atropat midiyasina və ya qərbi Midiyaya tabe olmuşlar. Bu xalqlar Midiya satraplığına tabe, daha doğrusu onunla müttəfiq idilər. Buna görə də, Gaevgamel müharibəsində kaspilər farsların ordularında yox, müttəfiq orduları olan Midiya ordularında döyüşmüş və Atropata tabe olmuşlar.

Buradan belə bir nəticə də çıxır ki, bütün o dövr türkləri kimi azad həyat sürməyə adət etmiş bu kiçik xalqlar heç bir dövlətə baş əyməmiş və azad yaşamışlar. Ancaq midiyalilarla etnik dil və mədəniyyət cəhətdən yaxın olduqları üçün onların sözünə baxmış və ağır şəraitdə onlarla bir hərəkət etmişlər. Bu göstərir ki, əvvəllər də olduğu kimi, həmin dövrdə də Şimali Azərbaycan etnik soy və milli kök baxımından bugünkü Cənubi Azərbaycana bağlı vahid bir toplum olmuşdur.

 Yeri gəlmişkən qeyd edək ki, Atropat yalnız bugünkü Şimali və Cənubi Azərbaycan satrapı təyin olunmuşdur. Və Həmədanın işlərinə qarışmaz və məsuliyyətdən də kənar idi. Fakt onu göstərir ki, İsgəndər Hindistandan qayıdandan sonra bir sıra xain satrapları kənarlaşdırıb öldürdü. O cümlədən, Həmədanın vəzifəli şəxslərindən bir neçəsini məhv etdi. Lakin Atropatın adı da araya gəlmədi. O, Atropat Həmədanın işlərinə qarışmırdı. Hətta bu illərdə İsgəndərin sərkərdələri Piton, Antiqon, Omen, Nikatur və Selevkos arasında gedən çəkişmələr və İsgəndərin ölümündən sonra onun mirasının bölüşdürülməsi müharibələrinə də Atropat əsla qarışmadı. Bu, həm də Atropatenin müstəqil olması demək idi. Tarixi keçmişləri nəzərə alan Atropatın ağıllı siyasəti nəticəsində bu kiçik xalqlar əvvəllər olduğu kimi, İsgəndərin hücumu dövründə də midiyalılarla müttəfiq qalmış və gələcək Azərbaycan xalqının tərkib hissəsini təşkil etmişlər. Qərbi Midiya (bugünkü Cənubi və Şimali Azərbaycan) xalqları ilə belə münasibət saxlayan və onlarla müttəfiq olan Atropat, eyni zamanda Böyük Midiyanın Cənub və Şərq torpaqlarında İsgəndərin sərkərdələrinin gördükləri işlərə əsla müdaxilə etmirdi. Şübhəsiz, bu da səbəbsiz deyildir.

İsgəndər eradan əvvəl 324-cü il yayın sonu və payızın əvvəllərində Həmədanda qaldı və təxminən bir il sonra iyun ayının 12-də 33 yaşında xəstəlikdən vəfat etdi.

İsgəndərin vəfatından sonra onun sərkərdələri və satrapları eradan əvvəl 323-cü ildə Babil şəhərində iclas çağırdılar. Lakin Atropat iclasda iştirak etmədi. Məclis Piton (Pifon) adlı bir yunanı Midiyanın satrapı təyin etdi. Lakin bu şəxs bütün Midiya torpaqları deyil, yalnız Cənubi Midiya torpaqlarına (bugünkü Həmədan, İsfahan və fars) satrap təyin olundu. Bu məclisdə Atropatın kürəkəni Perdikas yunan hökumətinin canişini, daha doğrusu birinci şəxs seçildi. Atropat əvvəllər olduğu kimi, Qərbi və ya Kiçik Midiyanın (bugünkü Cənubi və Şimali Azərbaycan) satrapı olaraq qaldı. Cənubi və Şərqi Böyük Mərkəzi Midiya torpaqları isə İsgəndərin sərkərdələrinin əlində qaldı. İsgəndər vəfat etdikdən sonra da Atropat onun mirasının bölüşdürülməsi çəkişməsində iştirak etmədi. Halbuki kürəkəni Perdikasın vasitəsilə bu çəkişmələrdən faydalana bilərdi. Lakin bunu işi etmədi. Onun Pedikasın yunanlılar arasındakı nüfuzundan istifadədə məqsədi yalnız xalqı və Vətənini xilas etmək olmuşdur. Bütün bunlar Atropatın yüksək siyasi şəxsiyyət, müdrik və ağıllı olmasını göstərir. O, qabaqcadan müəyyənləşdirmişdi ki, İsgəndərdən sonra onun yaratdığı imperatorluq davam edə bilməz və sərkərdələri arasında ixtilaf və didişmələr baş verər.

(davamı növbəti saylarımızda)