Mehman Sayadov
Sosial həyat

Mehman Sayadov

Birinci Qarabağ müharibəsində söz-sənət diyarı, ulu Göyçədən 4 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Onlardan biri də Mehman Sayadov olmuşdur.

Mehman Qəzənfər oğlu Sayadov 21 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Günəşli kəndində kasıb bir ailədə dünyaya göz açmışdır. Hələ uşaq ikən atası dünyadan vaxtsız köçmüş, ailənin ağırlığı kolxozun qabaqcıl tütünçülərindən sayılan anasının üzərinə düşmüşdü. O, çətin olsa da, öz halal zəhməti ilə övladlarını böyüdüb ərsəyə çatdırmaq istəyirdi.

Mehman öz davranışı, ədəb-ərkanı ilə həmyaşıdlarından fərqlənir, ev işlərində anasına yaxından kömək edirdi.

Mehman müxtəlif kitablardan dönə-dönə oxuyub öyrənmişdi ki, faşist xislətli erməni daşnakları ayrı-ayrı dövrlərdə türklərə xəyanət etmiş öz çirkin əməllərini həyata keçirmək məqsədilə dəfələrlə əlləri müsəlman qanına batmış, mərhələ-mərhələ azərbaycanlıları Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından qovmuş, xalqımıza çalın-çarpaz dağ çəkmişlər. Ona görə də, Mehmanın qəlbində erməni xalqına qarşı nifrət, kin yuva salmışdı. Ürəyi daşnaklardan qisas, intiqam almaq eşqi ilə çırpınırdı.

Mehman Sayadov yeddinci sinfi bitirəndə ermənilər tərəfindən doğma el-obasından qovulub Azərbaycana pənah gətirdi. Ailəsi ilə birlikdə Samux rayonunun Sərkar kəndində məskunlaşdılar. Mehman səkkizinci sinfi bu kənddə bitirdi. Qaçqınlıq həyatı, atasızlıq təhsilini bitirməyə imkan vermirdi.

O, bir müddət təsərrüfat işlərində çalışdı. 18 yaşı tamam olanda hərbi xidmətə yola düşdü.

M.Sayadov Sverdlovski vilayətində 6 ay xidmət etdikdən sonra Vətənin çağırışına səs verərək Azərbaycana döndü. Mehman 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" könüllü müdafiə batalyonunun tərkibinə üzv yazıldı və silaha sarılaraq cəbhəyə yollandı, ölüm-dirim savaşına qalxdı.

Mehmanın döyüş yolu Azərbaycanın mədəniyyət beşiyi Şuşadan başladı. Daşnaklar Şuşanı ələ keçirmək üçün dəridən-qabıqdan çıxırdılar. Mehman Sayadov Şuşanın müdafiəsində əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Mehman Şuşanın Kosalar, sonra isə Nəbilər kəndində gedən ağır döyüşlərdə yoldaşlarının köməyi ilə mənfur düşmənin 70 nəfərə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv etdi.

Bundan hiddətlənən erməni yaraqlıları xeyli canlı qüvvə toplayaraq yenidən Nəbilər kəndinə hücuma keçdi. Batalyon böyük bir qüvvə ilə döyüşə girməli oldu. Bir neçə istiqamətdən hücum dairəsini genişləndirən erməni quldurları əsgərlərimizi mühasirəyə aldılar. Cəsur döyüşçülərimiz mühasirəni itki vermədən yarmağa müvəffəq oldular.

Mehman Sayadov 9 may 1992-ci ildə Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Mehman Qəzənfər oğlu Sayadov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Q.TƏYYAROĞLU,

"Respublika".