MƏHSUL İSTEHSALÇILARI İLİ UĞURLA BAŞA VURURLAR
Region

MƏHSUL İSTEHSALÇILARI İLİ UĞURLA BAŞA VURURLAR

30 ilə yaxın mənfur düşmən Tərtəri demək olar ki, daim atəş altında saxlamışdır. Mülki vətəndaşlar dəfələrlə hədəf seçilmiş, hətta düşmən gülləsindən dünyasını dəyişənlər olmuşdur. Sözsüz ki, belə olan halda insanlar tarlalarda qorxu və səksəkə altında çalışmış, lakin buna baxmayaraq, hər il kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmuşlar.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlamış, çox qısa zamanda (cəmi 44 gün ərzində) torpaqlarımız işğaldan azad olunmuş, düşmən tamamilə uzaqlaşdırılmışdır. Strateji əhəmiyyətə malik olan Suqovuşan Su Anbarı da işğaldan azad olunmuşdur.

Bu gün tərtərlilərə sanki yeni həyat bəxş olunmuşdur. Gecə-gündüz zəhmətsevər tərtərlilər əkin sahələrində həvəslə çalışaraq yüksək məhsuldarlığa nail olurlar. Tərtər DAİM-in direktoru Mehman Babayevlə söhbətimiz rayonda aqrar sektorun hazırkı durumu ilə bağlı oldu.

Direktor bildirdi ki, rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, rayonda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür.

2022-ci ildə rayon ərazisində 8190 hektar sahədə taxıl becərilib. Həmin sahələr yüksək aqrotexniki qaydalara əməl olunmaqla becərilmiş, bütün qüvvələr və kənd təsərrüfatı texnikaları səfərbər edilərək taxıl biçini qısa müddətdə başa çatdırılmışdır. 8102.9 hektar taxıl sahəsindən 33 min 233.1 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 41.0 sentnerdir.

Rayon ərazisində 2022-ci il üçün 3450.7 hektar sahədə rayon üçün ənənəvi bitki olan pambıq əkini aparılmış 11035.496 ton pambıq məhsulu götürülmüş, məhsuldarlıq hər hektardan 31,98 sentnerdir. Hazırda pambıq yığımı davam edir.

Tərtərdə meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün də münbit şərait mövcuddur. Rayon ərazisində 155022.2 sentner meyvə, 134988.6 sentner tərəvəz istehsal edilmişdir. Son illərdə baramaçılıqda da ürəkaçan nailiyyətlər əldə olunub. Cari ildə rayonun kümçüləri 330 qutu barama qurdu bəsləmiş və 10.2 ton yaş barama tədarük etmişlər.

Azərbaycan dövlətinin fermerlərə göstərdiyi qayğının nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının istehsal həcmində ilbəil artım müşahidə olunur. Qabaqcıl fermer Mirzə Cümşüdov 2022-ci ildə 85 hektar buğda sahəsindən 459 ton buğda məhsulu istehsal etmiş, hər hektardan məhsuldarlıq 54 sentner olmuşdur.

Loğman Müseyibov 16 hektar arpa sahəsindən 80 ton arpa məhsulu istehsal etmiş, hər hektardan məhsuldarlıq 50 sentner olmuşdur. Suliddin Ələkbərov 45.50 hektar pambıq əkinindən 144394.04 ton (məhsuldarlıq 31.73 sentner), Fuad Familzadə 40.00 hektar pambıq əkinindən 211259 ton "ağ qızıl" (məhsuldarlıq 52.81 sentner) götürmüşlər.

Tərtərdə fitosanitar vəziyyət də nəzarətdə saxlanılır. Rayon ərazisində 10570 hektarda siçanabənzər gəmiricilərin müşahidəsi aparılmış, 4.733.5 hektar buğda, arpa və digər sahələrdə kimyəvi və mexaniki mübarizə tədbirləri həyata keçirilmişdir.

Tərtərdə son illərdə heyvandarlığın inkişafı yüksək təşəkkül tapmışdır. Rayonda heyvanların sağlamlığının qorunması üçün epizootik vəziyyət daim nəzarətdə saxlanılır. Rayon ərazisində heyvanlar arasında baş verə biləcək infeksion xəstəliklərə qarşı tədbirlər aparılır. Dabaq xəstəliyinə qarşı profilaktiki məqsədlə 43524 baş iribuynuzlu, 92137 baş xırdabuynuzlu heyvanlarda, Quduzluq xəstəliyinə qarşı 2895 baş itdə peyvənd aparılmışdır. Heyvanlar arasında heç bir təhlükəli infeksion xəstəlik aşkar olunmamışdır.

Vəli VƏLİYEV,

"Respublika".