Meksikalı parlamentarilər Şuşa şəhərində olublar
Digər xəbərlər

Meksikalı parlamentarilər Şuşa şəhərində olublar

Ölkəmizdə rəsmi səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi parlament nümayəndə heyəti fevralın 27-də Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası haqqında məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və digər abidələrlə tanış olublar, Şuşanın Qala divarlarına, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.