Məktəb direktorunun qanunsuz əməlləri ifşa olunub
Digər xəbərlər

Məktəb direktorunun qanunsuz əməlləri ifşa olunub

Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən mənimsənilməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradaraq onlara ayrılmış 35 min manat məbləğində əməkhaqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

AZƏRTAC