Məktəblilərin dostluq əlaqəsi OCEP çərçivəsində daha da möhkəmlənir
Elm və təhsil

Məktəblilərin dostluq əlaqəsi OCEP çərçivəsində daha da möhkəmlənir

Məktəblilər arasında dostluq və anlaşma təlqin edən OCEP olimpiya, mədəniyyət, elm və təhsil layihəsidir. 2022-2023-cü tədris ilində Nərimanov rayon Novruzov qardaşları adına 36 saylı tam orta məktəb bu layihə üzrə Qazaxıstan dövlətini təmsil edir.

Dərs ilinin əvvəlində Milli Olimpiya Kompleksi ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi maarifləndirici təqdimat, fəaliyyət planlarının tərtibi üçün tövsiyələr və dost ölkələrin elan olunması ilə layihəyə start verilib. Dost ölkənin Qazaxıstan olması çox sevindiricidir. Bu xalqla oxşar milli-mənəvi dəyərlərə sahib olmağımız şagirdlərdə qazax xalqını və Qazaxıstan dövlətini daha yaxından öyrənmək marağı oyadıb. "Qazaxıstan sinfi" və "Qazaxıstan komandası" yaradılıb. Sinif otaqları Qazaxıstanın xəritəsi, dövlət atributları, stendlər və albomlarla bəzədilib. Komanda üzvləri Qazaxıstanın dövlətçiliyi, tarixi, coğrafiyası, elm və mədəniyyəti, idman və iqtisadi uğurları, qazax xalqının həyat tərzi, milli mətbəxi, adət-ənənələri və təbiəti mövzusunda bir-birindən maraqlı təqdimatlar hazırlayıblar. "Qazaxıstan motivləri" adlı rəsm sərgisi nümayiş olunub. Məktəb xoru Qazaxıstanın dövlət himnini ustalıqla ifa etməyi öyrənib.

Layihə çərçivəsində məktəbdə güləş üzrə dünya çempionu Rəsul Çunayev və cüdo üzrə Azərbaycan çempionu Gözəl Zutova ilə şagirdlərin görüşü keçirilib. Onlar öz uğur hekayələrini bölüşərək şagirdləri maraqlandıran suallara cavab veriblər. Görüş zamanı şagirdlərin Azərbaycan və qazax dillərində ifaları və rəqsləri çox bəyənilib.

OCEP layihəsi çərçivəsində 17 yanvar 2023-cü il tarixində məktəbdə Qazaxıstanın Aktau şəhərindəki Nazarbayev məktəbi ilə telekörpü keçirilib. Telekörpü oxşar tale yaşamış, hər biri öz xalqının fədaisi olan Əhməd Cavad və Əhməd Baytursunova həsr edilib. ZOOM proqramı üzərindən həyata keçirilən görüşdə hər iki tərəf öz məktəblərinin tanıtım videoçarxlarını, adıgedən dövlət xadimlərinə həsr olunmuş təqdimatları, onların şeirlərindən nümunələri, şeirlərinə həsr edilmiş mahnıları nümayiş etdiriblər. Görüşün unudulmaz anları 36 saylı tam orta məktəbin xor kollektivinin Azərbaycanın və Qazaxıstanın dövlət himnlərini ifa etməsi səhnəsi olub. Bir saatdan çox çəkən görüş gələcək layihələrin planlaşdırılması ilə başa çatıb.

Görüşdə Qazaxıstanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi də iştirak edib.

Mehparə ƏLİYEVA,

“Respublika”.