Meliorasiya və su təsərrüfatının inkişafında yeni mərhələ
İQTİSADİYYAT

Meliorasiya və su təsərrüfatının inkişafında yeni mərhələ

Ölkə başçısı İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə icrası həyata keçirilmiş və regionların sosial-iqtisadi inkişafını təmin etmiş 2004-2008, 2009-2013, 2014-2018-ci illər üzrə Dövlət proqramları çərçivəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə dördüncü proqram - "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət proqramlarından irəli gələn vəzifələr respublikamızda fəaliyyət göstərən hər bir icra orqanları, struktur bölmələri, o cümlədən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üçün fəaliyyət proqramına çevrilmiş və icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

2004-2022-ci illərdə ASC tərəfindən respublikanın su təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatında su təminatının və əkinəyararlı torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 4,6 min kilometr uzunluğunda suvarma kanallarının, 3,4 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 483 min hektar sahədə torpaqların su təminatının və 307 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na daxil olan layihələrin icrasına uyğun olaraq İmişli rayonunun 10838 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 29,5 kilometr, sərfi saniyədə 12 kubmetr olan Qızılarx kanalının, Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 29660 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 22,4 kilometr, sərfi saniyədə 20,2 kubmetr olan Tərtər Sol Sahil və uzunluğu 12,6 kilometr, sərfi saniyədə 10 kubmetr olan Xanarx kanallarının, Qusar rayonunun 6091 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edən uzunluğu 42 kilometr, sərfi saniyədə 4,5 kubmetr olan Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması üzrə işlər yerinə yetirilib.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarının (Suqovuşan, Xaçınçay, Köndələnçay - 3 ədəd) və magistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlanıb, Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, topoqrafiya, geodeziya və ilkin konseptual layihə işlərinin görülməsinə başlanılıb.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 107,9 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 44130 kubmetr həcmdə daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.

Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də ASC respublikanın su təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatının su təminatının və əkinəyararlı torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, kanal və kollektorların lildən təmizlənməsi, su itkilərinin qarşısının alınması məqsədilə kanalların beton üzlüklə üzlənməsi, su anbarlarının əsaslı təmiri və s. sahədə bir sıra irihəcmli layihələr həyata keçirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə hidrotexniki qurğuların bərpası, əkinəyararlı torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər əvvəlki illərdə olduğu kimi, cari ildə də ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.

Ötən il oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanış olmuş və ASC-nin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, aparılmış müvafiq araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib.

Nəticə etibarilə Qubadlı və Zəngilan rayonları ərazisində "Dost Aqro" şirkətinin 1900 hektar, "Azərsun" MMC-nin 3300 hektar, "AzərAqrar" şirkətinin 2500 hektar, "Aqrovay" şirkətinin 2700 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə "Qız Qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyası quraşdırılacaq.

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra bütün istiqamətlərdə su mənbələri və digər infrastruktur layihələrinin icrasına başlanılmışdır. Görülən işlər çərçivəsində Suqovuşan və Xaçınçay su anbarlarında, bu anbarlardan çıxan beton kanallarda da əsaslı təmir işlərinə başlanıldı. İşğaldan əvvəl Suqovuşan Su Anbarı 7 rayonun 96 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edib. İşğal müddətində Xaçınçay, Ağdamkənd, Köndələnçay və digər işğalda qalan su anbarları kimi, Suqovuşan da baxımsız qalıb. Nəticədə su sızmalarının sayı artıb. Anbarın yenidən təmiri üçün suyun boşaldılmasına başlanılıb. 5,86 milyon kubmetr tutumu olan anbarın suyu Tərtərçaya axıdılır. Su buraxılıb qurtardıqdan sonra dibinin lildən təmizlənməsi və yamacının 20 santimetr qalınlıqda beton üzlüyə alınması həyata keçiriləcəkdir. Cari ildə Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisindəki Xaçın çayının üzərində inşa olunmuş 23 milyon kubmetr tutuma malik Xaçınçay Su Anbarında da təmir-bərpa işlərinə başlanılmışdır.

Hazırda ASC-nin qarşısında duran önəmli vəzifələrdən biri də yeni salınmış aqroparkların torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsidir. Ölkə başçısının daimi diqqət mərkəzində olan bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ötən il dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev "Şəki-Oğuz" Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülən işlərlə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dövlətimizin başçısına məlumat verərək bildirib ki, "Şəki-Oğuz" Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi "Azdövsutəslayihə" İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.

Qeyd olunub ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.

2022-ci ilin noyabr ayında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay Su Anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin "Cengiz İnşaat Sənaye və Ticarət" A.Ş və Azərbaycanın "Nort Vest Konstrakşın" MMC şirkətləri ilə müqavilələr imzalanıb. Layihənin icrasından sonra Laçın rayonu ərazisində tikiləcək Zabuxçay Su Anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri su ilə təmin olunacaq.

Bu tədbirlər çərçivəsində 2022-ci ilin avqust ayında ASC-nin Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi və Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin bazasında Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi (HGMX və SİMNİ )yaradılmışdır. Bu dəyişikliklə yeni strukturun iş həcminin artması və əhatə dairəsinin genişlənməsi ilə yanaşı, xidmətin keyfiyyətinin və operativliyinin artırılması sahəsində üzərimizə düşən məsuliyyəti də artırmışdır. Bununla əlaqədar artıq fəaliyyətimizin yeni mərhələsinə başlamış və uğurlu nəticələr əldə etmişik.

Respublikamızın suvarılan torpaqlarında meliorativ vəziyyətin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələrin icrası ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı ASC-nin HGMX və SİMNİ də öz fəaliyyətini günün tələbi səviyyəsində qurmuşdur. İdarə respublikamızın suvarılan 1 348 837 hektar (dağ rayonlarının və işğaldan azad olunmuş ərazilərin 95 361 ha suvarılan torpaqları istisna olmaqla) torpaq sahəsində rejim-müşahidə quyuları, həmçinin magistral kanallar və kollektorlar üzərində qurulmuş hidrometriya məntəqəsi vasitəsilə fasiləsiz rejim-müşahidə işlərini həyata keçirir.

Eyni zamanda mövcud rejim-müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin və minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyyətinə nəzarət etməyə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir.

HGMX və SİMNİ öz fəaliyyətində ölkə başçısının və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin tələb və tövsiyələrini rəhbər tutaraq, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qarşıda duran vəzifələrə layiqincə əməl etmişdir. İlk növbədə rejim-müşahidə quyularının texniki vəziyyətlərinin yaxşılaşdırılması, ərazi üzrə optimal paylanması və quyuların əhatə dairəsinin genişləndirilməsi istiqamətində məqsədyönlü işlər yerinə yetirilmiş, hidrometriya məntəqələrinin fasiləsiz fəaliyyətinin təmin olunnması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.

Ötən il respublikamızın inzibati rayonları üzrə ümumi suvarılan torpaq sahəsinin 84870 hektarında şorlaşma dərəcəsinin təyini üçün aparılan tədqiqat işləri başa çatdırılmışdır. Aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, bu rayonlarda 41260 hektar şorlaşmamış, 20510 ha zəif, 12230 ha orta , 6530 ha şorlaşmış, 4340 ha isə çox şiddətli şorlaşmış torpaqlardır. Rejim-müşahidə quyularında su səviyyəsinin 205074 dəfə ölçülməsi işləri faktiki olaraq yerinə yetirilmişdir. Kanal və qrunt sularının minerallaşma dərəcəsinin təyini üçün 17098 su nümunəsi götürülmüş, 356 nümunə isə kanal və kollektorların üzərində qurulmuş hidrometriya məntəqələrindən götürülərək fiziki-kimyəvi analiz aparılmışdır. Suvarma sistemlərinin və kollektor-drenaj şəbəkəsinin texniki-istismar vəziyyəti aparılmış vizual müşahidələrlə müəyyən edilmişdir. Belə ki, ilin yekunu üzrə ümumi suvarılan torpaqların 1348837 hektarında planlaşdırılmış vizual müşahidə işləri faktiki olaraq yerinə yetirilmişdir.

Qarşıya qoyulan tapşırıqlara əsasən əkin sahələrinin vəziyyəti, onların su ilə təmin olunması şəraiti, sahələrdə hamarlama işlərinin səviyyəsi, suvarma kanalları və kollektor-drenaj şəbəkəsinin bütün elementlərinin, həmçinin keçid borularının texniki vəziyyəti vizual müşahidələrlə tədqiq olunmuşdur.

Respublika üzrə 2022-ci ildə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili göstərir ki, qrunt sularının hidrogeoloji-meliorativ vəziyyəti baxımdan əlverişli sayılan yatım dərinliyi>1,5 metr olan torpaq sahələri suvarılan torpaqların 1288223 hektarını və ya ümumi suvarılan torpaq sahələrinin 96 faizini, 60614 hektarı və ya 4%-i isə qrunt sularının yatım dərinliyi 1.5 metrə qədər olan torpaq sahələrini əhatə edir. Bu isə mövsümi intensiv yağıntılar, suvarma və təzyiqli yeraltı suları ilə əlaqədardır.

Qrunt sularının səviyyəsi, minerallaşma dərəcəsi və torpaqların şorlaşması suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin formalaşmasına təsir edən əsas amillərdən biridir. Belə ki, qrunt sularının yatım dərinliyi yer səthinə yaxın olduqda onun minerallaşma dərəcəsi və kimyəvi tərkibi, həmçinin KDŞ-nin fəaliyyəti torpağın müvafiq qatında şorlaşma-duzlaşma prosesinə təsir edən amillərdir. Tədqiqatlarla müəyyən edilmişdir ki, yeraltı suların səviyyə rejimindən fərqli olaraq, onların hidrokimyəvi tərkibinin dəyişməsi daha çox geoloji mühitə süzülərək daxil olan suların miqdarı, kimyəvi tərkibi, KDŞ-nin fəaliyyəti və torpaqların şorlaşma dərəcəsinin tərəddüdləri ilə əlaqədardır.

Kollektivimiz tərəfindən torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi məqsədilə əsas göstəricilərdən biri olan qrunt sularının minerallaşma dərəcəsinin əvvəlki illə müqayisəsi və dinamikası öyrənilmişdir. Hesabat dövründə magistral kanallar üzərində su sərfinin avtomatik ölçülməsi, mobil rabitə vasitəsilə müəyyən intervallarla serverə ötürülməsi və konkret proqram əsasında kanallarda su sərfinin təyin edilməsi istiqamətində işlər də uğurla davam etdirilmişdir.

Ötən ilin yekunu üzrə rejim-müşahidə və çöl tədqiqat işlərinin nəticələri ilə müəyyən edilmişdir ki, HGMX və SİMNİ-nin nəzarətində olan 1348837 hektar ümumi suvarılan torpaq sahəsinin qrunt sularının yatım dərinliyinə görə bölgüsü aşağıdakı kimi olmuşdur: 1.0 metrə qədər - 6613 hektar, 1.0-1.5 metr arasında 54001 ha, 1.5-2.0 m arasında 268013 hektar, 2.0-3.0 m arasında 508444 hektar, 3.0-5.0 m arasında 273549 hektar, 5.0 m-dən çox isə 238217 hektar.

Suvarılan torpaqların meliorativ vəziyyətinin qrunt sularının yatım dərinliyinə, minerallığına və torpaqların şorlaşma dərəcəsinə görə bölgüsü isə aşağıdakı kimi xarakterizə edilmişdir: yaxşı torpaqlar - 511766 hektar, kafi torpaqlar - 736013 hektar, hidrogeoloji-meliorativ tədbirlər tələb edən torpaqlar - 101058 hektar, o cümlədən qrunt sularının yol verilməyən dərinliyinə görə - 6613 hektar, torpaqların şorlaşmasına görə - 40444 hektar, qrunt sularının böhran vəziyyətinə görə isə 54001 hektar təşkil etmişdir.

Bu tədbirlərin məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 2020-ci il 11 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq HGMX və SİMNİ İmişli (4357 hektar), Biləsuvar (8506 hektar), Sabirabad (5 min hektar) rayonlarında ümumilikdə 17863 hektar sahədə rejim-müşahidə şəbəkəsinin qurulması barədə ASC-dən razılıq almış və bu rayonlarda yeni rejim-müşahidə quyuları qazılıb ümumi şəbəkəyə inteqrasiya edilmişdir.

Qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə təmin etmək və yeni-yeni uğurlara nail olmaq üçün HGMX və SİMNİ 2023-cü ildə də məqsədyönlü fəaliyyətini və axtarışlarını davam etdirəcəkdir.