Melisa Geladze: Belə vəhşiliyi mən heç yerdə görməmişəm
MÜSAHİBƏLƏR

Melisa Geladze: Belə vəhşiliyi mən heç yerdə görməmişəm

Cəbrayılda, Füzulidə də olmuşuq. Bu torpaqlarda daşüstədaş qalmayıb, hər yer viran qoyulub. Ermənilər bu torpaqların sahibi deyil. Çünki 30 il işğal altında qalan bu yerlərdə hər şey yıxılıb, dağıdılıb, viran qoyulub. Qəbirləri belə dağıdıblar. Belə vəhşiliyi mən heç yerdə görməmişəm. Hansı ölkə öz torpağını 30 il bu gündə saxlayar?..

Bu sözləri Şuşada səfərdə olan Gürcüstan nümayəndə heyətinin üzvü Melisa Geladze AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında söyləyib.

“Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə çox sevindik. Əminəm ki, Azərbaycan bu yerləri tezliklə gülüstana çevirəcək. Səfər zamanı gördüm ki, azərbaycanlılar burada 24 saat dayanmadan işləyirlər, hər tərəfdə quruculuq işləri görülür. Çünki bu torpaqlar azərbaycanlılara məxsusdur. İnanıram ki, 2 ildən sonra bu yerlər cənnətə çevriləcək”, - deyə Melisa Geladze əlavə edib.

AZƏRTAC