Məmmədli və Əlyetməzli sakinlərinin müraciətləri dinlənildi
Region

Məmmədli və Əlyetməzli sakinlərinin müraciətləri dinlənildi

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaş qəbulları həm də problemlərin yerində öyrənilib araşdırılması və vətəndaşları narahat edən məsələlərin həllinin sürətləndirilməsi məqsədi daşıyır.

İmişlidə növbəti səyyar qəbul-görüş rayonun Məmmədli və Əlyetməzli kəndində baş tutub. Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Elçin Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən görüşlərin məqsədi problemlərin həllində heç kəsin diqqətdən kənarda qalmamasıdır. Müraciətlərdə sakinlər bildirdilər ki, uzunluğu 43 km olan Ağamalılar, Məmmədli, Əlyetməzli, Telişli və Allahmədətli kəndlərini birləşdirən yeni asfalt yolunun tikintisi Ağamalılar kəndindən başlanıb. Bu yolun istər rayona, istərsə kəndlərin bir-biri ilə əlaqəsinə əhəmiyyəti böyükdür. Yolun tikintisini sürətləndirmək yaxşı hal olar. Sakinlər kəndlərin elektrik dayaqlarının yenilənib sayğacların kartlaşması və 2023-cü ilin sonuna qədər qaz çəkilişinin həllini xahiş etdilər.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını bildirdi. Qeyd edilən məsələlərin araşdırılmasını, mövcud imkanların öyrənilməsi və müsbət həll olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verdi. Kənd sakinləri göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".