Memorandum imzalanıb
Digər xəbərlər

Memorandum imzalanıb

Aprelin 18-də Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.

Anlaşma Memorandumunda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.

Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini tapıb.

Görüşdə təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı tərəfindən birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə verəcəyini və həmin ərazilərdə təhsilin inkişafında əhəmiyyətli rol oynayacağını ifadə ediblər.

Xaqani KOSAYEV,

“Respublika”.

 

Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri (QETİHİ) Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqlarının yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynadığını, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verdiyini bildirib.

S.Möhbalıyev həmçinin, Azərbaycanın uğurlu təhsil siyasətindən də bəhs edərək vurğulayıb ki, dövlətimizin iqtisadi imkanlarının artması təhsil sahəsinə də öz təsirini göstərir. Azərbaycanda təhsilin inkişafı bu sahədə çalışan insanların sosial rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

QETİHİ sədri Aygül Mukaşeva Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlərin təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıldığını və əlaqələrin daha da inkişafı üçün gələcəkdə daha böyük səy göstəriləcəyini bildirib.

Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.

Sonda S.Möhbalıyev və A.Mukaşeva jurnalistlərin suallarını cavablandırıb, imzalanan sənədin mahiyyətini və əhəmiyyətini açıqlayıblar.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.