“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən növbəti tədbirə şəhid anaları da qatılıblar
Sosial həyat

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən növbəti tədbirə şəhid anaları da qatılıblar

Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir şəhid analarının iştirakı ilə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə, Daxili İşlər, eləcə də Gənclər və İdman nazirliklərinin, o cümlədən “Fire Land Production”ın təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızı anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid övladlarının səmərəli istirahətini təşkil etməkdir.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə şəhid övladları ekskursiya avtobuslarında şəhəri gəzərək “Zəfər marşı”nı ifa ediblər. Şəhid övladları atalarının, digər uşaqlar subay şəhidlərimizin, şəhid anaları isə övladlarının rəsmi həkk olunmuş və “Mənim qəhrəmanım” yazılı geyimlərdə tədbirə qatılıblar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində davam edən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar keçirilib, “Oyuq” Teatr Studiyasının aktyorları tərəfindən vətənpərvərlik mövzusunda kiçik səhnəciklər təqdim edilib və milli nağıl personajlarımız şəhid övladlarının sevincinə rəng qatıb. 

Tədbirin rəsmi hissəsində aparıcı Lalə Azərtaş tədbirə qatılan şəhid ailələrini və digər qonaqları salamladıqdan sonra ümummilli lider Heydər Əliyevin və müzəffər ordumuzun şəhid qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov çıxış edərək “Fire Land Production”ın rəhbərliyinə, bu tədbirin ərsəyə gəlməsində zəhməti keçənlərə və qonaqlara təşəkkür edərək, belə tədbirlərin cəmiyyət üçün fayda və dəyərindən danışıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov da tədbirdə çıxış edərək şəhidlərimizin övladlarının gələcəyinə görə hamımızın məsuliyyət daşıdığını, onların xoşbəxtliyinin təminatında əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğulayıb.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə daimi diqqət və qayğısından danışan “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov “Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları bizə əmanətdir” deyərək, “Mənim atam qəhrəmandır” silsilə layihənin nəinki Bakıda, hətta Azərbaycanın bütün regionlarında icra olunacağını qeyd edib. C.Qurbanovun övladları Fatimə və Əli subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimdə tədbirə qatılaraq şəhid övladları ilə birgə mahnılar ifa ediblər.

Tədbirə fəxri qonaq qismində qatılan Xalq artisti Brilyant Dadaşova qəhrəmanlarımızın hisslərini övladları və onların ailə üzvləri ilə bölüşüb. B.Dadaşova bu ağrı-acı, eyni zamanda, qürur və sevinc dolu hadisələri bir vətəndaş, ailənin xanımı, eyni zamanda, ana kimi necə yaşadığından danışıb. 

Sonda qəhrəmanlarımızın övladları Xalq artisti ilə birlikdə səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını göndəriblər.

Tədbirin sonunda şəhid qəhrəmanların övladlarına “Xarıbülbül” döş nişanları hədiyyə olunub.

AZƏRTAC