Mənzillərin istifadəyə verilməsində şəffaflıq təmin edilir
Sosial həyat

Mənzillərin istifadəyə verilməsində şəffaflıq təmin edilir

Azərbaycan əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Ölkə iqtisadiyyatının dinamik inkişafı bütün sahələrdə olduğu kimi, inşaat sektorunda da müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Son 10 ildə ən yüksək inkişaf tempi tikinti sektorunda müşahidə olunub.

Tikinti sektorunda azad rəqabət mühitinin təmin edilməsi istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi qərar və fərmanlar bu sahədə işlərin son illərdəki artım dinamikasında özünü göstərir. Son 10 ildə istər Bakıda, istərsə də bölgələrdə irimiqyaslı tikinti işləri daha da intensiv xarakter alıb. İstifadəyə verilmiş yaşayış binalarının sayı xeyli dərəcədə artmışdır. Belə ki, 2010-cu ildə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 2049 min kvadratmetr, 2019-cu ildə isə 9469 min kvadratmetr təşkil etmişdir. 2010-cu ildə şəhər yerlərində tikilən evlərin ümumi sahəsi 1422 min kvadratmetr olduğu halda, 2019-cu ildə 8794 min kvadratmetr olmuşdur. Beləliklə, son 10 ildə istifadəyə verilmiş yaşayış binalarının həcmi 69,4 faizdən 92,9 faizə yüksəlmişdir.

Bu gün çoxmərtəbəli binaların istifadəsinə icazə verilməsinin optimallaşdırılması və tikintiyə nəzarət mexanizminin sadələşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. Bu islahatlar çərçivəsində tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məsələsində dəyişikliklər edilmiş, tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında sadələşdirilmiş və müraciətlərə baxılma müddəti qısaldılmışdır. Bu islahatları beynəlxalq təşkilatlar yüksək qiymətləndirmişdir. Belə ki. Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üzrə icazə alınması” üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşmışdır. Bu sektorda islahatların davam etdirilməsi, tikinti obyektlərinə münasibətdə tikintiyə icazə verilməsinə vahid yanaşmanın təmin edilməsi məqsədilə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi Qaydası” haqqında Qərar imzalanmışdır. Bundan başqa, cənab Prezidentin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə ekspertizaların keçirilməsi tələb olunmayan binaların tikintisi və istismarı sadələşdirilib.

“Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” ölkə başçısının 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq tədbirlər davam etdirilir. Fərmanın icrasının nəticəsi olaraq qısa bir müddət ərzində yaşayış binalarının istismara hazırlığı ilə əlaqədar zəruri sənədlərin təqdim olunması, binaların sakinlərinin və sifarişçilərinin qəbulu işində operativliyin və şəffaflığın təmin olunması məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Azərsu” ASC-nin, “Azərişıq” ASC-nin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin və digər aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb və hazırda qərargah öz işini davam etdirir. İlkin mərhələdə 2 ay ərzində faktiki istismar olunan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməmiş binalarda müayinə işləri vaxtında başa çatdırılıb. Müayinənin və görülmüş operativ tədbirlərin nəticəsində 103 girişi, 7476 mənzili olan 39 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Onu qeyd edək ki, əvvəllər bəzi çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarında tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və azadlıqları nəzərə alınmadan aparılırdı ki, bu da, öz növbəsində həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir və bütün bunlar sakinlərin haqlı narazılığına səbəb olurdu. Ancaq təsdiq edilmiş yeni qaydalara əsasən tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmərtəbəli yaşayış binalarının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara icazə verilməsi həyata keçirilir. Əvvəlcə binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya sisteminin istismara hazırlığı baxımından müayinə edilir. Müayinənin nəticələri müsbət olduqda binanın istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin, istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtəsinin koordinatlarını əks etdirən layihənin elektron sürəti ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya yerli icra hakimiyyəti orqanlarına təqdim olunur. 7 gün müddətində istismarına müsbət rəy verilmiş binaların istismarına icazə verilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərman ölkəmizin mənzil-inşaat sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin həllinə imkan vermişdir.

Əli SADIQOV,

“Respublika”.