Məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir
Region

Məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin problemlərinin öyrənilməsi və həlli üçün kənd və qəsəbələrdə, o cümlədən məhəllələrdə səyyar görüşlərin keçirilməsi artıq ənənəvi hal olub. Ölkəmizin bütün ərazilərində olduğu kimi, Qax rayonunda da qrafikə əsasən səyyar qəbullar keçirilir. Növbəti belə görüş rayonun Ləkit kəndində təşkil olundu. Ərazisi 9,36 kvadratkilometr olan kəndin əhalisi 1683 nəfərdir. Kənddə V əsrə aid dünya əhəmiyyətli bir məbəd, XVIII əsrə aid məscid, VI-VII əsrlərə aid məbəd kompleksi var. Ləkit kəndi rayonun turizmin inkişaf etdiyi kəndlərindən biridir. Kənddə olan Mamırlı şəlalə turistlərin ən çox gəzdiyi yerdir.

Bu ildən kənddə olan "Bal evi" turizm fəaliyyətini genişləndirməklə gələnlərin ən çox istirahət etdiyi yerlərdən birinə çevrilib. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq, bitkilçilik və arıçılıqla məşğul olur.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev əvvəlcə ölkəmizdə, o cümlədən rayonda həyata keçirilən sosial-iqtisadi proqramlar və onların nəticələri barədə ətraflı məlumat verdi. Sonra ənənəyə uyğun olaraq bundan əvvəl keçirilən görüşdə qaldırılan məsələlər və onların həlli üçün görülən işlərdən danışıldı. Qeyd olundu ki, 3 il əvvəl olan görüşdə kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlər mərhələli şəkildə həll edilib. Uşaq bağçasının əsaslı təmiri və qaz təchizatının yaxşılaşdırılması isə müraciət əsasında müvafiq qurumlar tərəfindən nəzərdə tutulub.

Kənd sakinlərindən Yasəmən Qarayeva, Turanə Məmmədova, Rəfail Şirinov, Röyanə Süleymanova və başqaları çıxış edərək qarşılaşdıqları çətinliklərin həll olunmasına köməklik göstərilməsini xahiş etdilər.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların bütün istəkləri dinlənildi. Müraciətlər əsasən kəndin içməli su xətlərinin təmir olunmasına, yeni yaşayış massivinə internet və telefon xətlərinin çəkilməsinə, kənddə qəzalı dirəklərin yenilənməsi və s. məsələlərin həllinə kömək göstərilməsilə bağlı oldu. Rayon rəhbərliyi tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verildi və bəzisi yerindəcə həllini tapdı. Digər müraciətlərlə bağlı isə müvafiq qurumlara müraciət ediləcəyi bildirildi.

Rayonda keçirilən səyyar qəbulların ənənəsinə uyğun olaraq, görüşdən sonra şəhid ailələri və qazilərlə çay süfrəsi ətrafında fikir mübadiləsi aparıldı. İcra hakimiyyəti başçısı, şəhid ailəsi üzvlərindən İmam Əhmədov, Abdulla Kazımov, Ruhiyyə Məhərrəmova, Malik Şıxəmirov, Birinci Qarabağ müharibəsi əlilləri Heydər İsayev, Yalçın Əliyev və bir sıra müharibə iştirakçısının iştirak etdiyi görüş səmimi və işgüzar şəraitdə keçdi. Qaldırılan bütün məsələlərin həlli üçün müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutuldu.

M.NƏRİMANOĞLU,

"Respublika".