Məqsəd yüksək məhsuldarlığa nail olmaqdır
Region

Məqsəd yüksək məhsuldarlığa nail olmaqdır

Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ağdam rayonunun iqtisadiyyatında pambıqçılıq mühüm yer tutub, "ağ qızıl" istehsalçıları yaxşı gəlir əldə ediblər, eyni zamanda, həyat şəraitlərini yüksəldiblər. Həmin illərdə rayonda adlı-sanlı pambıq ustaları, mexanizatorlar qabaqcıl təcrübəyə nail olaraq gözəl ənənə yaradıblar.

Ənənələr isə bu gün də davam etdirilir. 2020-ci ilin payızında bölgədə ağır döyüşlər gedən zaman ağdamlı fermerlər böyük zəhmət bahasına yetişdirdikləri məhsulu düşmənin artilleriya atəşi altında topladılar. Bəzən elə olurdu ki, məhsul yığılan sahələrə on-on beş mərmi düşürdü, buna baxmayaraq əkinçilər fədakarlıqla çalışırdılar. Həmin mövsümdə Ağdam rayonunda 2120 hektar pambıq sahəsindən 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub. Ağır şərtlər altında məhsul itkisinə yol verməyən fermerlər deyir ki, həmin il barıt qoxulu məhsulun bərəkəti Vətən müharibəsində qazanılan parlaq qələbənin sevincinə qarışdı.

Qeyd edək ki, gəlirli sahə hesab olunan pambıqçılığın dirçəldilməsi üçün dövlət tərəfindən bir neçə il bundan öncə lazımi addımlar atılıb. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hər mərhələsində pambıqçılığın inkişaf etdirilməsi və dövlət tərəfindən dəstəklənməsi ön plana çəkilib. Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsində ağdamlı fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırırlar. Pambığın alış qiymətləri də ilbəil artırılır. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir.

Tarlalarda bol məhsul yetişdirilib, aylardan bəri çəkilən zəhmət öz bəhrəsini verir, ilk gündən yüksək məhsuldarlıq əldə olunur. Rayonda cari ildə 1111.3 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 540 hektarı "Azərpambıq" MMC, 770.0 hektarı "P-Agro" MMC ilə müqavilə əsasında olmaqla 2421 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib. Bu günə qədər tarlalardan min tondan artıq pambıq yığılıb və hər hektarın məhsuldarlığı hələlik 27,9 sentnerdir. Yığım gündən-günə artır, çünki tarlalarda məhsul çoxdur.

Məhsulu itkisiz və tez bir zamanda maşınla yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilib. Pambıq yığımına kifayət qədər kombayn, nəqliyyat traktoru və qoşqu cəlb edilib. Ağdamlı "ağ qızıl" ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışırlar. Əhmədağalı kəndindən olan fermer Elşad Şəmmədov bu il 11 hektarda pambıq becərib. Havaların əlverişli keçməsi nəticəsində sahələrdə bol "ağ qızıl" var. Fermer hər hektardan 42 sentnerdən çox məhsul əldə edib. Fermerlərə göstərilən dövlət qayğısından söz açan Elşad Şəmmədov deyir:

-Dövlətimizin qayğısı sayəsində bu il təhvil verilən pambığın alış qiyməti öncədən artırılıb. Bundan başqa, pambıq əkilən hər hektara görə fermerlərə 260 manat əkin subsidiyası ödənilir. Ödənilən subsidiyalar fermerlərə xüsusi kartlar vasitəsilə çatdırılır və məbləğin yalnız 25 faizini nağdlaşdırmağa icazə verilir. 75 faiz məbləği isə fermer kart vasitəsilə və bilavasitə təsərrüfat məqsədli istehsal vasitələrinin (gübrə, toxum və s.) alınmasına sərf etməlidir. Dədə-babadan pambıqçılıqla məşğul olmuşuq, torpağın dilini yaxşı bilirik. Pambıq yığımına çox böyük ruh yüksəkliyi ilə başlamışıq. Hər hektarın məhsuldarlığı bizi qane edir.

Rayonda pambıqçılıqla məşğul olan adlı-sanlı fermerlər çoxdur. Xındırıstan kəndindən olan fermerlər Ələmdar Hüseynovun, Müsavi Fətəliyevin, Əhmədağalı kəndindən fermer Müşfiq Əliyevin, Əfətli kəndindən Şəkur Aslanovun pambıq tarlalarında yığım davam etdirilir. Fermerlərin hamısının məqsədi pambıqçılığa göstərilən dövlət dəstəyinə yüksək məhsuldarlıqla cavab verməkdir. Artıq qəbul məntəqələrində pambıq tayalarının sayı artır.

Salman ALIOĞLU,

"Respublika".