Məramı sülh, sülhə əngəl sülhməramlılar
Siyasət

Məramı sülh, sülhə əngəl sülhməramlılar

Hazırda faktiki olaraq onlar öz mandatlarına aid olmayan işlə məşğul olurlar

44 günlük Vətən müharibəsinin sonunda imzalanmış 10 noyabr Bəyanatından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının başlıca məqsədi 10 noyabr Bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək verməkdən ibarət olmalı idi. Təəssüf ki, bu belə olmadı. Məramı sülh sayılan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlar atmaqla diqqət çəkirlər.

Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğuldurlar. Bunu deməyə kifayət qədər əsas var. Belə ki, sülhməramlı qüvvələrin vəzifəsi qarşıdurma tərəfləri arasında atəşkəs razılaşmasına riayət edilməsini təmin etməkdir. Başqa sözlə, onlar hansısa toqquşmanın qarşısını alan qüvvə rolunu oynayırlar. Sülhməramlıların digər vacib vəzifəsi sırf insan hüquqları ilə bağlıdır, yəni mülki şəxslərin qorunmasıdır. Bu qüvvələr münaqişənin tərəfi deyil. Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan hissəsində qalmaqda davam edən istər Ermənistan ordusunun qalıqları, istərsə də Xankəndidə cəmləşmiş erməni separatçıları məhz sülhməramlıların diktəsilə hərəkət edirlər. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 4-cü bəndinin ziddinə olaraq onların indiyə qədər Qarabağdan çıxarılmaması da sülhməramlıların buna göz yummasının nəticəsidir. Yəni sülhməramlılar ortaya qəti mövqe qoysalar, erməni silahlıları nəinki post qurmağa, hətta orda qalmağa belə cürət etməzlər. Lakin görünən odur ki, hazırda sülhməramlılar separatçılara və erməni silahlı birləşmələrinə himayəçilik edirlər.

Bu müddət ərzində sülhün hələ də bərqərar olmaması, ermənilərin Azərbaycana reinteqrasiyası üçün heç bir işin görülməməsi haqlı olaraq cəmiyyətdə Rusiya "sülhməramlı qüvvələri"nin fəaliyyətinə qarşı narazılıq yaradır. Qarabağdakı Rusiya "sülhməramlıları"nın fəaliyyəti ilə bağlı şikayətlər səngimək bilmir. Səbəb "sülhməramlıların" 2 il ərzində heç bir iş həyata keçirməməsi, üstəlik özlərinin də təxribata əl atmalarıdır. Belə ki, rəsmi Bakı onlara Qarabağdakı yaşayış məntəqələrinin Azərbaycan dilindəki adlarını təqdim etsə də, Rusiya hərbçiləri hələ də bu əraziləri erməni toponimləri ilə təqdim edirlər. Rusiya sülhməramlı komandanlığı toponim məsələsinin Azərbaycan üçün həssas olduğunu çox yaxşı anlayır.

Sülhməramlı adlandırılan kontingentin fəaliyyətindən narazılığın biri də onların müvəqqəti məsuliyyət zonasında hələ də qalmaqda olan erməni silahlı tör-töküntüləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması ilə əlaqədardır. Belə ki, sülhməramlılar terrorçu dəstələrin bu əməllərinin qarşısını almır. Eyni zamanda, Laçın yolundan separatçı ünsürlərə silah-sursat daşınmasına da göz yumurlar. Hətta terror dəstələrinə hərbi təlimlər keçdikləri, onları silahlandırdıqları barədə əsaslı məlumatlar da var. Bütün bunlar Azərbaycan dövlətini də, ictimaiyyətini də narahat etməkdədir.

Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıları mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib. Əldə olunan məlumata görə, onlar İran İslam Respublikasının vətəndaşlarıdır. İran vətəndaşlarının Azərbaycanın xəbəri olmadan onun torpaqlarına qanunsuz daxil olması suverenliyimizin pozulmasıdır. Bu qrupun Qarabağa keçməsi rəsmi Bakı tərəfindən etirazla qarşılandı. Etirazlardan sonra qrup bölgədən çıxarıldı. Qeyd edək ki, İran uzun zamandır Qarabağda öz varlığını qoruyub saxlamaq üçün ciddi cəhdlər edir. Həmçinin sözügedən problemin həllinə də mane olan tərəflərdən biri hesab olunur. 30 il işğal altında qalan Qarabağda kök salan, oradakı beton istehkamları inşa edən də Tehran molla rejimi olub.

Rusiya sülhməramlıları ermənilərin təbii sərvətlərimizi qeyri-qanuni istismar etmələrinə imkan yaradır, görməzdən gəlirlər. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülmür.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilib. Rəsmi Bakı bildirir ki, cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin Azərbaycan ərazisinə keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib. Azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb.

Bununla da Ermənistanın və onun havadarlarının yaratdığı süni gərginlik davam edir. Həmçinin, Rusiya, İran və Fransanın mövqeyinə uyğun olaraq Ermənistan sülh danışıqlarından qaçır. Bəyanatın 4-cü maddəsinə əsasən, terrorçular sülhməramlıların yerləşdiyi ərazilərdən dərhal çıxarılmalı idi. Amma iki ildən çox müddət keçməsinə baxmayaraq, ərazi nəinki terrorçulardan təmizlənib, əksinə missiyası sülhyaratma olan Rusiya hərbçiləri terrorçuları himayə edir, onların mövqelərini gücləndirməsinə, yerlərini möhkəmləndirməsinə köməklik göstərirlər. Sülhməramlılar üçün ərazilərimizdəki terror ünsürlərini təmizləmək çox asandır. Bu "təmizlik" indiyədək aparılmayıbsa, deməli, məqsəd sülhyaratma deyil. Sülhə mane olmaqdır. Azərbaycanla ikitərəfli münasibətlər Rusiya üçün faydalıdır. Belə olan halda Qarabağdakı sülhməramlılar cılız oyunlara getməklə mövcud münasibətlərə də xələl gətirir.

Mustafa KAMAL,

"Respublika".