Mərd, cəngavər oğullar
Region

Mərd, cəngavər oğullar

Lerik rayonunun Züvüç kəndində dünyaya göz açmış Bünyadəli Pələngov yaşasaydı, indi ömrünün 65-ci ilinə qədəm qoyardı. Bu dağlar qartalı 35 yaşında Birinci Qarabağ müharibəsində erməni faşistlərin Vətən torpaqlarından təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid oldu.

Sağlığında Bünyadəli harada olursa, hansı vəzifədə çalışırsa onun üçün bütün arzuların zirvəsində Vətəninin tərəqqisi, xalqın xoşbəxtliyi dayanırdı. 1983-cü ildə sovet ordusunda gizir rütbəsində xidmət etmişdi. Özünəməxsus mənəvi dünyası, xasiyyətində mərdlik, saflıq, cəngavərlik ruhu müxtəlif millətlər arasında ona şərəf qazandırırdı. Bu vüqarlı, qürurlu, polad biləkli, son dərəcə qəlbi geniş azərbaycanlını hamı sevir, onun kimi olmağı arzulayırdı.

Tbilisi Ali Hərbi Məktəbini, M.F.Axundov adına Dövlət Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu bitirəndən sonra baş leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında "N" saylı hərbi hissəsində komandirin təchizat işləri üzrə müavini olmuşdu. Yağı düşmənin Azərbaycan torpaqlarına hücumu zamanı Bünyadəli əlinə silah alıb Vətənin müdafiəsinə yollanır. Naxçıvan Muxtar Respublikasının Sədərək döyüşlərində iştirak edir. Düşmənə layiqli cavab verməklə əsl qəhrəmanlıq nümunəsi göstərir. 1992-ci ildə Bünyadəli Qarabağa gəlir. Naxçivanik kəndi uğrunda gedən qanlı döyüşlərdə düşmənlə ölüm-dirim savaşına atılır. Bacarıqlı, təcrübəli bir komandir kimi bütün əməliyyatlarını uğurlu aparır. Həm də yoldaşlarını dəfələrlə mühasirədən qurtarır.

1992-ci il iyunun 26-da Aranzəmin yüksəkliyində qanlı savaş başlanır. Bünyadəli dəstəsi ilə xeyli sayda düşmənin canlı qüvvəsini məhv etsə də, özü də şəhidlik zirvəsinə ucalır. Onun nəşi Şəhidlər xiyabanında torpağa tapşırılır. Ölümündən sonra ulu öndər Heydər Əliyev tərəfindən "İgidliyə görə" medala layiq görülür. Təhsil aldığı Lerik rayon, Züvüç kənd orta məktəbi, Suraxanı rayon 286 saylı tam orta məktəbi onun adını daşıyır.

Zəfər ORUCOĞLU.