Mərd oğulların yurd sevgisi
Region

Mərd oğulların yurd sevgisi

Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam etdi, müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Bəli, vətən sevgisini üstün tutdular…

Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədirlər. Vətən müharibəsinin şəhidi Vüsal Məmmədovun xatirəsi ailə üzvləri və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib, şəhadətə qovuşmasının bir illiyində Gəncənin Şəhidlər xiyabanında məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

İl mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məmmədov Vüsal Elşən oğlu 3 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olub. Vətən müharibəsi zamanı o, Xüsusi Təyinatlı Qrupun tərkibində vuruşaraq Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirib, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi şücaət göstərib.

9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vüsal Məmmədovun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və bildirib ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizi böyük Zəfərə qovuşdurub. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqət göstərildiyini vurğulayıb.

Zabit XƏLİLOV,

"Respublika".