Mərdəkan qəsəbəsində 39 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Mərdəkan qəsəbəsində 39 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə qanunazidd əməlləri ilə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi M.Hüseynov küçəsi 20 ünvanında meşə fonduna daxil olmayan 39 ağacın, o cümlədən 13 şam, 6 sərv, 1 qaraağac, 5 ayland, 14 söyüd ağacının vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC