Mərdlik və hünər örnəyi
Region

Mərdlik və hünər örnəyi

Kamran Əkbər oğlu Vəlizadənin qismətinə Vətən yolunda şəhidlik şərəfi nəsib oldu. Ömrünün 24- baharında bu dünyadan köçməklə, gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb qoydu.

Lənkəran rayonu, Nərimanabad kəndində hamı Əkbər kişini halal zəhmətdən doymayan, xeyirxah, ürəyitəmiz, səmimi insan kimi tanıyır, xətrini əziz tutur. Kamran belə bir halal ailə ocağında boy atdığına görə həyatı dərk edən gündən bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. 2014- ildə orta məktəbi başa vurur, Neft Akademiyasının energetika fakültəsinə qəbul olur. Ülvi, humanist keyfiyyətlərə malik olan Kamran ali məktəbi yüksək səviyyədə bitirir. Vətənini azad, xalqını xoşbəxt görmək istəyi onun qarşısında yeni yollar açır. 2018-ci ildə hərbi xidmətə gedir, Daşkəsənin Xoşbulaq kəndində layiqli bir oğul olaraq canından artıq sevdiyi Azərbaycana əsgəri borcunu şərəflə verir.

Hərbi xidmətdən evinə qayıdan Kamran sonra müxtəlif işlərdə çalışır. Bitib-tükənməyən arzuları onu el-obada yalnız yaxşı işlər görməyə sövq edir. Elin sevimli oğlu erməni daşnakların təcavüzünə məruz qalan Qarabağın taleyini unutmur. Vətənə olan sevgisi Kamranı həmişə mübarizə meydanına, yağıya qarşı döyüşə səsləyir. Odur ki, İkinci Qarabağ müharibəsi başlayan kimi, o, Vətənin harayına birinci gedir. "Vətən uğrunda ölmək şərəfdir", - deyib özünü odun-alovun içinə atır. Özü öndə olmaqla onunla çiyin-çiyinə vuruşan döyüş yoldaşlarını irəli aparmaq üçün belə deyir: "Biz mütləq qələbə qazanmalıyıq. Vətəni qanımızla, canımızla yaşatmaq bizim borcumuzdur".

Ağır döyüşlərdə güllə yağışı Kamrana sel kimi yağsa da, heç nədən qorxmur, daim irəli gedir. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Girdiyi hər savaşda çoxlu sayda erməni dığasını məhv edir. 23 oktyabrda şəhidlik zirvəsinə ucalır.

Şəhid Kamran Vəlizadə dövlət tərəfindən "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azadlığına görə, "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Z.ORUCOĞLU.