Məşğulluğa dəstək prioritetdir
Region

Məşğulluğa dəstək prioritetdir

Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti yanında məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirildi.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin sədri Tapdıq Nəsirov, Komitənin üzvləri - rayon Vergilər şöbəsinin müdiri Əfrayıl Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Biləsuvar rayon MKİS-in rəisi Saməddin Bağırov, polis mayoru, rayon Polis şöbəsi rəisinin şəxsi heyət və iş üzrə köməkçisi Fariz Misirov, İnzibati Ərazi dairələri üzrə nümayəndələr və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etdilər.

Komitənin sədri gündəlikdə duran məsələlərlə bağlı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" çərçivəsində ölkəmizdə görülən genişmiqyaslı tədbirlər nəticəsində qısa müddət ərzində bu sahə üzrə statistikada müsbət irəliləyişlərə nail olunmuşdur. Rəsmiləşdirilməyən əmək müqaviləsi ilə işləyənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalmışdır. Çıxış edənlər qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladı və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün təkliflərini bildirdilər. İclasda İnzibati Ərazi dairələri üzrə nümayəndələrə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə sahibkarların və sakinlərin maarifləndirilməsi tapşırıldı.

İclasın sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Tofiq HÜSEYN,

"Respublika".