“Məşğulluq marafonu
Sosial həyat

“Məşğulluq marafonu" üzrə 2400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən ilin iyun ayında başlanılan "Məşğulluq marafonu"na ötən dövrdə 649 işəgötürən qoşulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4563 vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrə 2411 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2016 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

"Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciət ünvanlaya bilərlər.

AZƏRTAC