“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-ə çatıb
Sosial həyat

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 375-ə, təqdim edilən vakansiya sayı 1607-ə çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,beləliklə, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb. 180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-İ kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir.

İşəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-ə çatıb. Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilən şəxslərin sayı da artaraq 367-ə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti 18-29 yaşlarında olan şəxslərdir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

Bu ilin 7 ayında nazirlik tərəfindən fəaliyyət sahələri üzrə 390 minədək e-arayış verilib

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti istifadəyə verilib. Beləliklə də sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları artıq hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə etmək mümkündür.

Mustafa KAMAL,

“Respublika”.