“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artır
Sosial həyat

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki ay əvvəl başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı hər gün artmaqda davam edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafonda iştirak edən işəgötürənlərin sayı artıq 382-yə çatıb. Onlardan 183-ü dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 227-si xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 18-i tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən “Məşğulluq marafonu” çərçivəsində müvafiq e-sistemə daxil edilən vakansiyaların sayı isə 1672-yə çatıb.

Təqdim edilən vakansiyalar üzrə şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatı prosesi də davam edir. Həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 299-u qazi, qalanları şəhid ailəsi üzvləridir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər. 

 Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq və özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib

Cari ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanıb. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bu barədə  verilən məlumatda bildirilir ki, ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.

Mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” sirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilirlər. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.

Eyni zamanda, bu il Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, cari ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.

 

Mustafa KAMAL,

“Respublika”.