Məzahir Rüstəmov
Sosial həyat

Məzahir Rüstəmov

1992-ci il avqustun 6-da erməni quldurları xeyli canlı qüvvə və hərbi texnika ilə Gədəbəyin Mutudərə kəndinə hücuma keçdilər. Bu qanlı döyüşlərdə komandir Məzahir Rüstəmov cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxaraq düşmənə sarsıdıcı zərbələr endirdi. Onlar dinc əhalinin kənddən çıxarılmasına şərait yaratdılar. Məzahir son nəfəsinədək döyüşərək qanlı döyüşlərdə qəhrəmancasına həlak oldu. Düşmən əlinə düşməsin deyə, axırıncı qumbarası ilə özünü partlatdı. Briqada komandiri, polkovnik Cahangir Rüstəmovun komandanlığı altında avqustun 8-də qoşunlarımız hücuma keçərək Mutudərəni və Başkəndi erməni terrorçularından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini yaşamağa imkan vermədi...

Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, bir müddət Bakı Lampa Zavodunda fəhlə işləmişdir.

Məzahir 1978-ci ildə BDU-nun tarix fakültəsinin rus bölməsinə qəbul olunur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. Həmin il Xətai rayonundakı 171 saylı orta məktəbə pioner baş dəstə rəhbəri göndərilir. Bir az işlədikdən sonra öz ərizəsi ilə işdən çıxır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışır. Məzahir Rüstəmov 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlayır. Bir müddətdən sonra erməni quldurları Gədəbəyi və onun 28 kəndini aramsız atəşə tutdu. Döyüşlər Ermənistanın Krasnoselski və Berd rayonları ilə həmsərhəd olan Şınıx mahalı üçün də təhlükə yaradırdı.  Hər zaman Ermənistan tərəfindən Şınıx kəndlərinə qarşı təxribatlar törədilirdi. Vətənpərvər Məzahir 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılıb Şınıxa gəlir və Şınıx bölgəsinin Düzrəsullu kəndində bölmə komandiri vəzifəsinə təyin olunur. Sonra isə rota komandirinin müavini işləyir. Məzahir sakit şəhər mühitindən od-alovun içinə düşmüşdü. Lakin çətinliklər onu qorxutmurdu. Öz rotası ilə faşist xislətli erməni əsgərlərinin başına od ələyirdi.

Mutudərə kəndi Krasnoselskidən gələn yolun kənarında yerləşirdi və strateji əhəmiyyətə malik idi. Bunu yaxşı bilən ermənilər ara vermədən kəndi atəşə tuturdular. Məzahir briqada komandiri, polkovnik Cahangir Rüstəmovun Mutudərənin müdafiəsini gücləndirmək barədə tapşırıqlarını dəqiq hərbi intizamla yerinə yetirirdi. Gədəbəyin ərazisində yerləşən, sonralar türk qanına susayan, qatı millətçi-şovinist Zori Balayanın Artvaşen (Qartal yuvası) kimi təqdim etdiyi Başkənd nəinki Gədəbəy, eyni zamanda digər həmsərhəd rayonlar üçün də təhlükə yaradırdı. Burada erməni quldurlarının böyük silahlı birləşmələri yerləşirdi. Düşmən yuvasının məhv edilməsi üçün Məzahirin rəhbərliyi ilə ciddi hazırlıq işləri görülürdü.

1992-ci il avqustun 6-da erməni daşnaklarının Mutudərə kəndinə hücumu Məzahirin son döyüşü oldu, ölüm-dirim savaşında sinəsi düşmən gülləsinə tuş gəldi. Son mənzili Bakı şəhərindəki Şəhidlər xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri Məzahirin adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Gədəbəy rayonunda Milli Qəhrəmanın tuncdan abidəsi ucaldılmışdır.

Qədir ASLAN,

"Respublika".