Milli Aviasiya Akademiyasında Qələbəyə həsr olunmuş tədbir
Digər xəbərlər

Milli Aviasiya Akademiyasında Qələbəyə həsr olunmuş tədbir

Noyabrın 5-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə akademiyanın Vətən müharibəsində şəhid olmuş məzunlarının ailələri, müharibə iştirakçıları, akademiyanın rəhbər heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, öncə mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin büstünün və akademiyanın şəhid məzunlarının xatirə lövhəsinin qarşısına dərin hörmət və ehtiramla qərənfillər qoyulub. Daha sonra akademiyanın tədris işləri üzrə prorektoru, t.e.d., professor Ədalət Səmədov qonaqları salamlayaraq, tədbiri açıq elan edib.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ə.Səmədov çıxışında 44 günlük Vətən müharibəsinin Ali Baş Komandanının qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına qazanıldığını bildirərək, bu savaşı Azərbaycan tarixində ədalətin təntənəsi kimi dəyərləndirib. Tədbirin davamında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qarabağ müharibəsi ilə bağlı çıxışlarını əks etdirən videoçarx göstərilib.

Sonra akademiyanın nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi Rübabə Əbiyeva "Dövlətçilik tariximizin Zəfər zirvəsi" adlı mövzuda çıxış edib, eyni zamanda, muzeyin şəhid ailələrindən, iştirakçı məzun və əməkdaşlardan toplanmış materiallardan "ll Qarabağ müharibəsi" fondu yaradıldığını və bu materiallar əsasında hazırlanmış "Zəfərə qanadlananlar" kitabı haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Akademiyanın 44 günlük Vətən müharibəsinin şəhid, iştirakçı məzun və əməkdaşlarına həsr olunmuş videoçarx iştirakçılara təqdim olunub.

Tədbirdə iştirak edən akademiyanın şəhid məzunu Vüsal Məmmədovun anası Mahirə Məmmədova və şəhid Fuad Məmmədovun anası Mətanət Məmmədova da çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə akademiyanın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirə dəvət edilmiş akademiyanın Vətən müharibəsində iştirak etmiş məzunları A.Məmmədov, F.Əliyev, H.Yaqubzadə və digərləri tədbir iştirakçılarına döyüş əməliyyatları ilə bağlı xatirələrini danışaraq, Azərbaycan əsgərinin hər an Vətənın keşiyində durmağa hazır olduğunu bildiriblər.

Tədbirin yekununda akademiyanın tələbələri vətənpərvərlik ruhunda şeirlərlə çıxış ediblər.

AZƏRTAC