Milli birlik və həmrəylik təmin edilir
Diaspora

Milli birlik və həmrəylik təmin edilir

Dünya Azərbaycanlıları

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən parlaq dövrünü yaşayır. Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Eyni zamanda xaricdə məskunlaşmış soydaşlarımızla əlaqələr dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli münasibətlərini qurmaq, onların milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, mənəvi-siyasi hüquqlarını müdafiə etmək diasporlararası əlaqələri genişləndirməkdir.

Dünya Azərbaycanlılarının IV Qurultayından sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsi, tarixi Vətənə bağlılığının möhkəmlənməsi dövlət quruculuğunun mühüm amilinə çevrilmişdir.

Bütün ölkələrdə olduğu kimi, dost Ukraynanın Dnepropetrovski vilayətində də soydaşlarımızın mənəvi birliyi, Azərbaycançılıq ideyaları öz parlaq təcəssümünü tapmışdır. Soydaşlarımızın təşkilatlanması prosesi təqdirəlayiqdir, diaspor quruculuğu sahəsində mühüm addımlar atılır, milli birlik və həmrəylik təmin edilir, həmvətənlərimiz vahid bir amal ətrafında birləşirlər.

Son on ildə Ukrayna Azərbaycanlıları Konqresi Dnepropetrovski regional təşkilatında soydaşlarımızın ideoloji birliyinin təmin olunması istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Biz təşkilatın sədri Nəcəf Əhmədovla söhbət edərkən o, yaşadıqları ölkədə soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətə nail olunmasından, onların azsaylı xalqlar içərisində göstərdikləri fəallıqdan qürur hissi ilə danışdı.

Müsahibimiz ilk öncə Vətənin maraqları naminə, Azərbaycançılıq ideologiyasının gerçəkləşdirilməsi istiqamətində müxtəlif sahələrdə çalışan azərbaycanlıların mütəşəkkil qüvvəyə çevrilməsindən söhbət açdı, diasporumuzun formalaşmasında görülən işlərdən ətraflı söhbət açdı.

Diaspor təşkilatının təşəbbüsü ilə Dnepropetrovskidə Dünya Azərbaycanlılarının Həmrəyliyi, Novruz bayramı, Respublika Günü, ulu öndərimiz Heydər Əliyevin Doğum Günü, Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Keçirilən şənliklərdə təşkilatın nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblının üzvləri maraqlı proqramla çıxış edirlər.

Vurğulamaq lazımdır ki, azərbaycanlı gənclərin, ali məktəblərdə təhsil alanların idmana cəlb olunmasına maksimum səy göstərilir. Elə buna görə də güləş, boks, şahmat, futbol üzrə keçirilən yarışlarda onlar peşəkarlıqları ilə seçilir, məzmunlu oyunları ilə diqqəti cəlb edirlər.

Yaxınlarda Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dnepropetrovskidə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Mərkəz Dnepropetrovski Texniki Universitetinin nəzdindədir. Mədəniyyət Mərkəzində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən guşə yaradılmışdır.

Mədəniyyət mərkəzində hər həftənin şənbə və bazar günlərində azərbaycanlı uşaqlar üçün məktəb fəaliyyət göstərir. Uşaqlar şənbə, bazar günü məktəblərində dilimizi və mədəniyyətimizi həvəslə öyrənir, keçirilən tədbirlərdə fəal iştirak edir, doğma Vətənləri Azərbaycan haqqında zəngin, faydalı məlumatlar öyrənirlər.

Qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsinin odlu-alovlu günlərində, qələbənin təmin olunmasında Azərbaycan döyüşçüləri Ukraynanın faşist işğalçılarından azad olunmasında rəşadət göstərmiş, adları müharibə tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz buna görə də Dnepropetrovski regional təşkilatında qələbə günü qeyd olunarkən keçmiş azərbaycanlı döyüşçüləri ilə bağlı tədbirlər keçirilir, fotostendlər düzəldilir.

Diaspor fəallarının iştirakı ilə 20 Yanvar faciəsi, Mart qırğını, Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

Bu məqsədlə keçirilən anım günlərində zaman-zaman erməni daşnaklarının xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır, filmlər nümayiş etdirilir.

Dnepropetrovski şəhərində yaşayan azərbaycanlılar Vətən müharibəsində həmrəylik nümayiş etdirmiş, etiraz mitinqlərində ermənilərin vandalizm hərəkətlərini qətiyyətlə pisləmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürmüşlər.

Vurğulamaq lazımdır ki, həmvətənlərimiz rəşadətli Azərbaycan ordusunun “Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazan əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiklərini qürur hissi ilə bildirmişlər.

Nizami Gəncəvi dünyanın ən məşhur və ən tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər boyu bu ad böyük bir rəmzə çevrilib. Vurğulamaq lazımdır ki, Dnepropetrovski diaspor təşkilatında görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə geniş hazırlıq işləri aparılır.

Qeyd etmək lazımdır ki, Dnepropetrovskidə məskunlaşan azərbaycanlıların qarşılaşdıqları problemlərin həlli, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərilməsi istiqamətində də mühüm işlər aparılır.

Əminliklə demək olar ki, həmvətənlərimiz yaşadıqları ölkədə tarixi Vətənlə sıx əlaqələr quracaq, ölkəmizin iqtisadi və siyasi həyatı haqqında həqiqətləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdıracaqlar.

Qədir ASLAN,
“Respublika”.