Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 iyul 2021-ci il