Milli inkişaf modelləri olan ölkələri birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzu artır
Siyasət

Milli inkişaf modelləri olan ölkələri birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzu artır

Dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ictimai-siyasi tarazlığın qorunub saxlanılması fonunda sülhün, sabitliyin təmin olunması bu gün böyük əhəmiyyət kəsb edən vacib məsələlərdəndir. Ölkələrin bir-birinə qarşılıqlı inamı, etimad və hörmətə əsaslanan birliyi olmadan böyük risklərin və çağırışların öhdəsindən təkbaşına gələ bilmək sözsüz ki, qeyri-mümkündür. Bu baxımdan, beynəlxalq təşkilatların üzərinə mühüm vəzifələr düşür.

Belə ki, hər bir beynəlxalq statuslu təşkilat öz fəaliyyətini üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi, dostluq, tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində quraraq dünyada cərəyan edən hadisələrin iştirakçısı kimi çıxış edir. Son illərdə beynəlxalq arenada nüfuzu gündən-günə artan, 2001-ci il iyunun 15-də Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin birgə görüşü zamanı "Şanxay beşliyi"nə daxil olan ölkələr arasında əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq, təhlükə və çağırışlara qarşı mübarizədə birgə imkanlardan istifadə etmək məqsədilə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti bu kontekstdə daha qabarıq şəkildə özünü göstərir. Belə ki, üzv dövlətlər arasında mehriban qonşuluq və dostluq, çoxtərəfli regional dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi məqsədilə yaradılan təşkilat həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində fəaliyyətini getdikcə daha da artırır.

ŞƏT-in yaradılması haqqında imzalanan deklarasiyada Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həmçinin siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər səhələrdə əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı münasibətlərin yeni mexanizmlərini yaratmaq əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. 20 ildən artıqdır ki, daimi əsaslarla fəaliyyət göstərən təşkilatın iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrinin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və s. əsas istiqamətləri olaraq müəyyənləşdirilmişdir.

Regional iqtisadi və təhlükəsizlik sahəsində birgə fəaliyyətə, konstruktiv dialoqa, hesabatlılığa və hər tərəfin maraqlarına, çoxtərəfli əməkdaşlığa əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İran olmaqla 9-a çatıb. Qeyd edək ki, təşkilata üzv ölkələr 300 milyon kvadratmetr torpağı əhatə edir ki, bu da Avrasiya qitəsinin beşdəüçünə bərabərdir. 1.455 milyard əhaliyə sahib olan bu təşkilat dünya əhalisinin dörddəbirini təşkil edir. Tərəfdaş dövlətlər arasında Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan da xüsusi yer tutur.

2015-ci ildə ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmiş və həmin il iyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bir il sonra - 2016-cı ildə Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır.

Ölkələr arasında çoxtərəfli əməkdaşlığa böyük önəm verən, bu istiqamətdə ümumi səylərini və imkanlarını birləşdirməyə hər zaman hazır olan, dünyanın təhdid və çağırışlarına qarşı durmağa, sabit inkişaf və təhlükəsizliyə nail olmağa çalışan Azərbaycan bu istiqamətdə uğurlu xarici siyasət yürüdür. Bu siyasətin əsasını isə dünya ölkələri ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, ticarət əlaqələrini genişləndirmək və mədəni-humanitar mübadiləni stimullaşdırmaq kimi məsələlər mühüm əhəmiyyət daşıyır.

Bu gün dünyada böyük coğrafi ərazini və planetimizin əhalisinin yarısına qədərini birləşdirən regional təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna malik olması ölkəmizin dünya ölkələri arasında qazandığı inam, etibar və etimadın göstəricisidir. Belə ki, dünyada sülhün, əmin-amanlığın təbliğatçısı kimi tanınan Azərbaycanın şəffaflığı, üçüncü dövlətlərə və ya beynəlxalq təşkilatlara qarşı yönəlmiş olmaması, bütün üzv dövlətlərin hüquq bərabərliyinə və suverenliyinə hörmət etməsi, daxili işlərə qarışmaqdan imtinası, siyasi qarşıdurmaya və cəbhələşmə səciyyəli rəqabətə yol verməməsi missiyasını həyata keçirən ŞƏT-də tərəfdaş olması bunu bir daha isbat edir.

Böyük insan resurslarına, intellektual və texnoloji potensiala, zəngin və əhəmiyyətli dərəcədə istifadə olunmamış təbii ehtiyatlara və dünyanın dinamik inkişaf edən iqtisadiyyatına malik olan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa hazır olan dövlətlərin sayı ildən-ilə artır. Bu gün ŞƏT-də dialoq tərəfdaşı olan Azərbaycan təşkilatın müşahidəçi statusunu almaq niyyətindədir. Ölkəmizin bu təşəbbüsünü təşkilata üzv ölkələr də yüksək dəyərləndirirlər. Belə ki, bu günlərdə Səmərqənddə keçirilən Sammitə ölkə başçımız İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində dəvət olunması bu istəyin, bunun fonunda isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın qarşısında böyük perspektivlər açacaq. Bu əməkdaşlıq mühüm əhəmiyyətə malik coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarını daha da artıracaq, bu sahədə yeni imkanlar yaradacaq. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev ölkəmizin bu sahədə geniş imkanlarını sammit iştirakçılarının nəzərinə çatdıraraq son 20 il ərzində Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilib və ya əsaslı təmir edildiyini bildirmişdir. Azərbaycanın dövlət rəhbəri İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkildiyini qeyd edərək demişdir: "2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır".

Regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etmək, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafına nail olmaq, həmçinin ümumi çağırışlara və təhdidlərə birgə müqavimət göstərməklə əməkdaşlıq etdiyi təşkilatların sayını artırmaq, region ölkələri ilə dostluq, çoxtərəfli əməkdaşlıq, yaxın qonşuluq əlaqələri qurmaq Azərbaycanın xarici siyasətinin prioritetidir və ölkəmiz bu istiqamətdə böyük uğurlara imza atır.

Mehparə ƏLİYEVA,

"Respublika".