Milli intibahın formalaşmasında Ulu Öndərin xidmətləri əvəzsizdir
Siyasət

Milli intibahın formalaşmasında Ulu Öndərin xidmətləri əvəzsizdir

Dünya tarixşünaslığının qəbul etdiyi aksiomalardan biri də xalqların taleyində şəxsiyyətlərin rolunun olmasıdır. Şəxsiyyətin gücü və şəxsi keyfiyyətləri sayəsində bəzən tarixin gedişatı dəyişir, xalqların gələcək taleyi yeni xətt üzrə inkişaf edir. Heç bir mübaliğəyə yol vermədən tam əminliklə demək olar ki, Azərbaycan xalqının XX əsr tarixində bu müstəsna mövqenin tək sahibi ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyev şəxsiyyəti bu gün Cənubi Qafqazın siyasi, iqtisadi, hərbi düzənində lider statusu qazanmış Azərbaycan Respublikasının formalaşması və inkişafında mühüm rol oynamışdır.

Ümummilli liderin hələ sovet dönəmində hakimiyyətdə olarkən gördüyü işlər gələcək müstəqil Azərbaycanın sütunlarını yaratdı. Mütərəqqi, milli maraqlarımıza canı, qanı ilə bağlı alimlərimizin, görkəmli ziyalılarımızın keçmiş imperiya repressiyasından qorunması, isdedadlı gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi böyük Heydər Əliyevin Azərbaycan qarşısında müstəsna xidmətləridir. Elmə, təhsilə qayğı dahi liderin nəzarətdə saxladığı mühüm sahələrdən biri idi.

Ötən əsrin 70-80-ci illərinə təsadüf edən bu dövrdə ölkəmiz, eyni zamanda, elmi, mədəni intibah dövrünü yaşadı. Ulu öndərin uzaqgörənliklə yürütdüyü siyasi xəttində xüsusi önəm kəsb edən məsələ Azərbaycanda hərbi məktəbin yaradılması idi. Diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin böyük çətinliklərlə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərində yaradılması inqilabi hadisə oldu. Hərbi biliklərin öyrədilməsi, peşəkar zabitlərin hazırlanması istiqamətində bu məktəbin Qarabağ savaşında xidmətlərini gördükcə dahi azərbaycanlının nə qədər praqmatik, uzaqgörən siyasətinin bir daha şahidi oluruq.

Xalqımızın milli intibahının, özünüdərkin yaranmasında, formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ana dilimizin rəsmi dövlət dili elan olunması, milliliyin qorunması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin aşılanması kimi müqəddəs dəyərlər Heydər Əliyevin xalq qarşısında danılmaz xidmətləridir. Bu böyük xarizmatik soydaşımızın dünyanın o zaman supergücü sayılan böyük bir dövlətinin rəhbərliyində təmsil olunması və bütün imkanları ilə Azərbaycanı qoruması, ona xidmət etməsi yaxın tariximizin həqiqətləridir.

Azərbaycan xalqının belə bir liderə sahib olması düşmənlərdə qıcıq yaradırdı. Məkrli erməni siyasəti bu məsələdə də işə düşdü. Sovetlər birliyi kimi nəhəng bir dövlətin rəhbərliyində, siyasi büroda azərbaycanlı dövlət xadiminin təmsil olunmasını erməni siyasi mafiası həzm edə bilmirdi. Saxta azərbaycanlı imzaları ilə Moskvaya donos məktublar yazılırdı. Eyni zamanda, erməni maraqlarına əsir düşən Qorbaçov və onun ətrafı bu saxta donoslardan geniş istifadə etməyə başladı. Həmçinin, Heydər Əliyev kimi peşəkar siyasətçi, bacarıqlı dövlət xadiminin dünya və bütün İttifaq boyu nüfuzundan ehtiyat edən, onun şəxsiyyəti qarşısında kiçikliyini dərk edərək qısqanan Qorbaçov komandası bütün çirkin üsul və vasitələrdən yararlanaraq ulu öndərin vəzifədən azad edilməsinə nail oldu.

Bununla da Azərbaycan üçün qara günlər başladı. Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan az sonra Ermənistan Ali Soveti Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Ardından yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından deportasiyaya məruz qaldı.

Dağlıq Qarabağda ermənilər açıq-aşkar silahlanaraq Azərbaycan kəndlərinə hücuma keçdilər. Bütün baş verənlərə etiraz səsini ucaldan Azərbaycan xalqı isə 1990-cı ilin 20 yanvarında gülləbaran edildi. Bir sözlə, ulu öndər Heydər Əliyevin vəzifədən ayrılmasından sonra düşmənlərimiz bütün cəbhəboyu xalqımızın üzərinə yeridi. Reallıq onu diktə edirdi ki, əgər xalqımızın dahi oğlu Heydər Əliyev vəzifəsində qalsaydı, ölkə birmənalı olaraq bu faciələri yaşamayacaqdı.

Beləliklə, bir neçə il ərzində torpaqlarımız işğal edildi, yarıtmaz idarəçilik sayəsində dövlət strukturları iflic oldu, ölkəni xaos bürüdü. Azərbaycan bir xalq və dövlət kimi faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Ötən əsrin 93-cü ilinin ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa müddət ərzində məhv olmaqda olan dövləti nəinki ayaqda saxladı, həm də gənc respublikanı inkişaf yoluna çıxardı. Bu ağrılı-acılı günlərdə xalqımızın Heydər Əliyev kimi övladı olmasaydı, bu gün müstəqil Azərbaycanda mövcud deyildi. Bu həmin dövr idi ki, uğursuz xarici və daxili siyasət nəticəsində ölkə parçalanmağın bir addımlığında qalmış, Azərbaycan pozucu daxili və xarici düşmənlərin meydanına çevrilmiş, ölkəni separatizm alovu bürümüşdü. Ulu öndərin fövqəladə, inanılmaz siyasəti nəticəsində Azərbaycan bütün bəlalardan qurtuldu.

Ölkənin iqtisadi, sosial, elm həyatında canlanma yarandı. İdarəçilik fəaliyyətində ənənəsinə sadiq qalan ulu öndər təhsilə xüsusi sahə kimi qayğı göstərməyə başladı. Müstəqilliyin ilk illərində böyük bir gənclər ordusunun xarici ölkələrdə təhsil alması dahi Heydər Əliyev tərəfindən təmin olundu və həmin gənclərdən ibarət geniş peşəkar mütəxəssis korpusu insan kapitalı olaraq bugünkü qüdrətli Azərbaycanda həyatın müxtəlif sahələrində Vətənə ləyaqətlə xidmət edir. Bundan başqa, əlverişli biznes mühiti yaradıldı, nəhəng xarici investorların ölkəyə cəlb olunması istiqamətində ciddi addımlar atıldı. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin gərgin zəhməti hesabına Azərbaycanda inanılmaz bir hadisəyə xalqımız şahidlik etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. O zaman dahi Heydər Əliyev ölkəmizin gələcək həyatında əvəzsiz rol oynayacaq bu tarixi müqaviləni belə şərh etmişdi: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".

Gələcəyi qabaqlayan lider tam dəqiq və rasional məntiqi ilə düzgün hesablama aparmışdı. İndi ulu öndərin illər əvvəl söylədiyi fikirlər bugünkü həyatımızda aydın şəkildə görünür və sevinirik ki, nə yaxşı Heydər Əliyev azərbaycanlıdır və xoşbəxtik ki, dünyanı heyran edən bu dahi azərbaycanlı ilə bir cəmiyyətdə yaşamışıq.

Ulu öndər haqqında dünyanın əksər liderləri, fikir dahiləri xoş sözlərini, xatirələrini bölüşüb. Məsələn, məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski qeyd edirdi ki, Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, bir sözlə, şəksiz liderdir. Şübhəsiz ki, bu bənzərsiz lider tribunanın ən alisinə, sözlərin ən gözəlinə layiq idi. Çünki inanmıram ki, dünyada xalqını Heydər Əliyev kimi sevən və mənsub olduğu xalqı tərəfindən sevilən ikinci bir lider olsun.

Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci ildə imzaladağı Sərəncama uyğun olaraq ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə tədbirlər planı da təsdiqlənib. Düşünürəm ki, harada işləməyimizdən, hansı statusu daşımağımızdan asılı olmayaraq hər birimizin xilaskarı olan ulu öndər Heydər Əliyevə şükranlıq borcumuzu kiçik də olsa Vətənə olan xidmətimiz ilə qaytarmalıyıq. Bizim vətəndaş kimi qürurla yaşamağımızı xalqımızın bu dahi övladı reallaşdırdı və bizə Vətən, ölkə miras qoyaraq əbədiyyətə qovuşdu.

Ölkəmizdə təkcə 2023-cü il deyil, hər günümüz, ayımız, ilimiz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bugünkü varlığımıza, ölkəmizə, qüdrətimizə görə bütün dövrlərdə Azərbaycanın dahi oğluna - Heydər Əliyevə borcluyuq!

Amin İSMAYILOV,

AMEA-nın müxbir üzvü, professor,

YAP İdarə Heyətinin üzvü.