Milli maraqlara söykənən qətiyyət və prinsipiallıq
Siyasət

Milli maraqlara söykənən qətiyyət və prinsipiallıq

Hərbi Zəfərimiz yeni platformalarda diplomatik yolla layiqincə davam etdirilir

Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər, sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyə kapitalının, informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.

2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Ulu öndərin siyasətinə sadiq qalan dövlət başçısı 2003-cü ildən ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu oldu. Həm daxili antimilli qüvvələr, həm də ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində onların ordumuzun inkişafına mane olmaq üçün etdikləri cəhdlərə baxmayaraq, 19 il ərzində dünyanın 50 ən güclü ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələri formalaşdırıldı. Məhz bunun nəticəsi idi ki, 2020-ci il 44 günlük Zəfər savaşında Ali Baş Komandan, Müzəffər sərkərdə dünya hərb tarixinə yenilik gətirdi. Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasında yüksək yerlərdən birini tutur. Bütün bunlar Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlik məharəti ilə reallaşa bildi.

Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük Zəfər gününə kimi Qarabağ münaqişəsinin həllində heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dövlət başçısı 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad, ərazi bütövlüyünü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazdı...

Sevindirici haldır ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz hərbi hədəflərini yeni platformalarda da layiqincə davam etdirir.

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında da Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri bir daha bütün dünyaya nümayiş olundu. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirilmiş görüşlərin davamı kimi dəyərləndirilən Praqa görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın vaxtlarda əməli addımların atılmasını əks etdirən Bəyanatın qəbul olunması ilə sülh müqaviləsi bağlanması, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində növbəti fəaliyyət üçün imkan yaranır.

Onu da qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır və birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

İlk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Siyasi politoloqlar dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex Respublikasının dəvəti ilə Zirvə Toplantısındakı iştirakını, eyni zamanda, yeni siyasi platformanın fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirirlər.

Praqada dördtərəfli görüşün nəticəsi, verilən birgə bəyanat diplomatik müstəvidə Azərbaycanın növbəti qələbəsi, Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının uğurlu sonluğu idi.

Bütün dünya görür ki, Azərbaycan 44 günlük Vətən müharibəsində haqlı, gərəkli və beynəlxalq səviyyədə legitimliyi olan bir mübarizə apardı. Çünki bu mübarizədə başqa bir ölkənin torpağı işğal edilmədi, hər hansı xalqın hüquqları pozulmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün çalışdı, döyüşdü. Bu gün Azərbaycan hərbi Zəfərini yeni platformalarda layiqincə davam etdirir.

"Avropa siyasi birliyi" Zirvə Toplantısının əsas müzakirə mövzularından biri Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması oldu. Bu toplantıda bir daha aydın göründü ki, dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edir, fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər. İndi seçim Ermənistanındır, o, öz məkrli siyasətindən əl çəkməlidir.

Ölkəmizin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidenti Praqa görüşündən də qalib ayrıldı...

Zümrüd QURBANQIZI,

"Respublika".