Milli Məclis Aparatının əməkdaşları TBMM-də təcrübə mübadiləsində iştirak edirlər
Digər xəbərlər

Milli Məclis Aparatının əməkdaşları TBMM-də təcrübə mübadiləsində iştirak edirlər

Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyədə səfərdədir.

Azərbaycan Parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlar Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək təcrübə mübadiləsində iştirak edirlər. Qrupa parlamentin Aparat rəhbərinin müavini Yaşar Əməşov başçılıq edir.

Səfər zamanı TBMM-in Qanun və Qərarlar, Tədqiqat Xidmətləri, Millət Vəkili Xidmətləri, İnformasiya Texnologiyaları, Kitabxana və Arxiv Xidmətləri, Stenoqram Xidməti üzrə şöbələrinin fəaliyyəti ilə bağlı təqdimatlar təşkil olunacaq.

Milli Məclisin əməkdaşları bu tədbirlərdə Türkiyə parlamentində qanunvericilik prosesi, sənəd dövriyyəsi və vətəndaş müraciətləri, elektron sənəd dövriyyəsi sistemi, insan resursları sistemi, deputat ofisləri ilə parlament arasında əlaqə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, informasiya resursları və texnologiyaları, səsvermə və iclasın idarə edilməsi, kiber təhlükəsizlik və digər məsələlərlə bağlı işlərin təşkili sahəsində Türkiyə təcrübəsini öyrənəcəklər.

Azərbaycan Parlamentinin əməkdaşları, həmçinin Türkiyənin Milli Kitabxanasını, Dövlət Arxiv İdarəsini, Prezident Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsini ziyarət edəcək, bu qurumların fəaliyyəti ilə yaxından tanış olacaqlar.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşü nəzərdə tutulub.