Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət

Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2022-ci ilin payız sessiyasında son iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov dekabrın 24-də ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıb. O, dövlətimizin başçısının 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycanın bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdiyini bildirib. Deputat Qərbi Azərbaycan İcmasına verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizədə yaratdığı hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Müzakirələr zamanı çıxış edən deputatlar Nizami Səfərov, Soltan Məmmədov, Ceyhun Məmmədov, Fazil Mustafa, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Sahib Alıyev, Elşad Mirbəşir oğlu, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı ölkə rəhbərliyini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik ediblər, bir sıra aktual məsələlərə toxunublar.

Millət vəkilləri bəzi fransız siyasətçilərin Prezident Makrona açıq məktub ünvanlayaraq, Ermənistanın dırnaqarası təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycana qarşı tədbirlər görülməsi ilə bağlı etdikləri qərəzli təkliflərə münasibət bildiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsidir.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (II səsvermə) Konstitusiya qanununun layihəsidir.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci səsvermədə qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, növbəti 15 məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Sonra parlamentin sədri növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin dövlət qulluğunun inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını deyib. Diqqətə çatdırıb ki, layihə iki oxunuşda qəbul edilib və təqdim olunan mətndə heç bir dəyişiklik olunmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Gömrük Məcəlləsində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Baytarlıq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bu komitələrin sənəd barədə rəylərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, qanun layihəsinə ikinci oxunuşda plenar iclasda və üçüncü oxunuşda komitədə heç bir əlavə və dəyişikliyin edilmədiyini, komitənin sənədə dair müsbət rəy verdiyini bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, qanuna təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Komitə sədri sənəd barədə iki oxunuşda ətraflı məlumat verildiyini deyərək, layihəni dəstəkləməyi xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. O, bildirib ki, sənədə dair əlavə və dəyişiklik təklif edilməyib, komitənin layihə ilə bağlı rəyi müsbətdir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, deyib ki, təklif olunan dəyişikliklər pensiyaçıların sosial rifahını qorumaq məqsədi daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ənənəyə uyğun olaraq, hər il Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır. Spiker müraciətin mətninin hazırlandığını bildirib və onu təqdim etmək üçün deputat Anar Məmmədova söz verib.

İclasda deputat Anar Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.

Parlamentin komitə sədri Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev, Musa Qasımlı, Fatma Yıldırım məsələ ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsə qoyularaq qəbul edilib.

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran Sahibə Qafarova payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Sessiyada parlamentin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. Ümumiyyətlə, 2022-ci ildə 37 plenar iclas olub, 320 qanun və qərar layihəsinə baxılıb.

Qeyd olunub ki, bu il 42 xarici dövlətin və 14 beynəlxalq təşkilatın 100-ə qədər nümayəndəsi və təmsilçisi Milli Məclisdə olub. Azərbaycan parlamenti beynəlxalq təşkilatların xətti ilə 4 böyük tədbirə ev sahibliyi edib.

İclasda Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanması ilə bağlı təklif qəbul edilib.

Sonda parlamentin sədri Milli Məclisin 2022-ci il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.