Milli Məclisin plenar iclası keçirilib
Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Fevralın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş verdiyini deyib. Bildirib ki, demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə Prezident İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsi oldu.

Sonra S.Qafarova iclasın gündəliyində 8 məsələnin olduğunu bildirib və qeyd edib ki, birinci məsələ Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərar layihəsidir.

Azərbaycan Konstitusiyasının 118-ci maddəsinin II hissəsinə uyğun olaraq, Prezident İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət edib.

Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Prezidentin təqdimatına əsasən Azərbaycanın Baş nazirinin vəzifəyə təyin olunmasına razılıq verilməsi məsələsinə dair qərar qəbul etməlidir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Əli Əsədov birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olub. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ilin aprelində Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi - İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində işləyib.

2019-cu il oktyabrın 8-dən Azərbaycanın Baş naziri vəzifəsində çalışıb, bu il fevralın 14-dən Baş nazir səlahiyyətlərini icra edir.

Sahibə Qafarova Əli Əsədovun Baş nazir vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcəyinə əminliyini bildirib.

Sonra çıxış edən deputatlar Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışını Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən Yol xəritəsi kimi dəyərləndirib, onun ölkəmizin gələcəyi ilə bağlı çox nikbin mesajlar verdiyini vurğulayıblar.

Deputatlar ölkəmizin bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran məsələlərin həlli baxımından Baş nazir vəzifəsinə böyük təcrübəyə malik iqtisadçı alim Əli Əsədovun namizədliyinin irəli sürülməsini məqsədəmüvafiq hesab ediblər.

Sonra Əli Hidayət oğlu Əsədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ səsə qoyularaq qəbul olunub.

İclasda çıxış edən Əli Əsədov bu vəzifəyə onun namizədliyini irəli sürdüyünə və göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Baş nazir müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün suveren ərazilərimizdə keçirilən, şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə Prezident İlham Əliyevi bir daha təbrik edib.

O bildirib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi.

Qeyd edilib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin edib. Vətən müharibəsində torpaqlarımızın azad edilməsi, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir.

Bildirilib ki, növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaqdır.

Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq Hökumət qarşısında duracaqdır.

Vurğulanıb ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtlərdir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyimizin daha da gücləndirilməsi təmin edilməlidir.

Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək. Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Bu prioritetlərdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilir.

Ə.Əsədov qeyd edib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat deputatların diqqətinə təqdim ediləcək və ötən il Hökumət tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.

O, sonda diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

Əli Əsədov çıxışında deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.

Baş nazir ona etimad göstərən Prezidentə, Milli Məclisə minnətdarlığını ifadə edib. O, hökumət üzvləri ilə birlikdə verilən tapşırıqların təmin ediləcəyini söyləyib.

Sonra Milli Məclis sədrinin müavini Adil Əliyev gündəliyin növbəti 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda "Su təchizatı və tullantı suları haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verilib. Müzakirələrdən sonra hər üç qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha sonra ikinci oxunuşda olan qanun layihələri - "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Avtomobil yolları haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunaraq ikinci oxunuşda qəbul edilib.

İclas gündəliyin sonuncu məsələsi - Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi və qəbul olunması ilə başa çatıb.