Milli Məclisin sədri: Dünya miqyasında Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur
Digər xəbərlər

Milli Məclisin sədri: Dünya miqyasında Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 2-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafı qeyd edilərək vurğulanıb ki, bu gün dünya miqyasında bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur. Sədr Sahibə Qafarova xüsusilə Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin əməkdaşlığımızın durmadan genişlənməsində mühüm rolunu diqqətə çatdırıb. O, əminliyini ifadə edib ki, qardaşlıq və dostluq münasibətlərimiz bundan sonra da uğurlu inkişafını davam etdirəcək.

Milli Məclisin sədri, parlamentlərimiz arasında əlaqələrin də dostluq və qardaşlıq münasibətlərimizin ruhuna uyğun inkişaf etdiyini qeyd edib. Bildirib ki, qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. O, deputatlarımızın beynəlxalq platformalardan da uğurlu istifadə edərək, bir-birimizin mövqeyinə ardıcıl dəstək göstərdiyini diqqətə çatdırıb. Görüşdə qanunverici orqanlarımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə də fikirlər səsləndirilib.

Milli Məclisin sədri, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və quruculuq işləri haqqında da məlumat verib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.