Milli Məclisin sədri Qadın Parlament Sədrlərinin Sammiti çərçivəsində keçirilən müzakirələrdə çıxış edib
Siyasət

Milli Məclisin sədri Qadın Parlament Sədrlərinin Sammiti çərçivəsində keçirilən müzakirələrdə çıxış edib

Xəbər verdiyimiz kimi, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qadın Parlament Sədrlərinin 14-cü Sammiti keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Sammitin ikinci günündə keçirilən müzakirələrdə çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova çıxışında ictimai həyatın heç bir sahəsində qadınların iştirakı olmadan güclü, sabit dövlət təsəvvür etməyin mümkün olmadığını qeyd edərək deyib: "Bu baxımdan qadın spikerlərin üzərinə mühüm vəzifələr düşür ki, parlamentlərimiz gender məsələsinə daha həssas yanaşma nümayiş etdirsinlər".

Qadınların məşğulluq sahəsində üzləşdiyi problemlərdən danışan Milli Məclisin sədri deyib ki, məşğulluqda qeyri-bərabərliyin, genderlə bağlı problemlərin əsas səbəblərindən biri təhsildir. Bu gün hamını əhatə edən inklüziv cəmiyyətin yaradılmasından danışırıqsa, təhsilin gücləndirilməsinə və bu sahədə bərabər imkanların hüquqi əsaslarının təmin edilməsinə daha çox diqqət yönəldilməlidir. Bu, qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə səlahiyyətlərinin artırılmasına maneələrin aradan qaldırılmasına daha çox kömək edəcək.

Sahibə Qafarova Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları barədə məlumat verərək, ölkəmizdə məşğul əhalinin ümumi tərkibində qadınların xüsusi çəkisinin 48 faizdən çox olduğunu qeyd edib. Bildirilib ki, dövlət qulluğunda qadınların xüsusi çəkisi 28 faizə yaxındır.

Onun sözlərinə görə, parlamentlərin nəinki gender problemlərinin həllinə yönəlmiş qanunlar qəbul etmək, həm də onların icrasının təmin edilməsində rol oynamaq üçün kifayət qədər səlahiyyətləri var. Məhz bu məqamda parlamentlə hökumətin əməkdaşlığı əhəmiyyət kəsb edir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanda gender məsələləri üzrə dövlət siyasətini həyata keçirən əsas dövlət orqanı 1998-ci ildə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitənin öz fəaliyyəti barədə parlamentə hesabat verdiyi diqqətə çatdırılıb. Milli Məclisdə gender əsaslı qanunlar üzərində işləyən Ailə, qadın və uşaq məsələləri komitəsinin fəaliyyət göstərdiyi bildirilib. Hər iki komitənin sədrinin qadın olduğu vurğulanıb. Deməli, gender bərabərliyi sahəsində qanunların hazırlanması, qəbul edilməsi, tətbiq edilməsi prosesinin özü də gender baxımından önəmlidir.

Qeyd edək ki, Qadın Parlament Sədrlərinin 14-cü Sammiti Daşkənd Bəyannaməsinin qəbulu ilə başa çatıb.

AZƏRTAC