Milli-mənəvi dəyərlərimizi özündə yaşadan
Siyasət

Milli-mənəvi dəyərlərimizi özündə yaşadan

Regionların sürətli və dinamik inkişafı respublikamızda davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu istiqamətdə ölkə başçısı tərəfindən qəbul edilmiş qərarlar, imzalanmış fərman və sərəncamlar, həyata keçirilmiş Dövlət proqramları regionların hərtərəfli inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə  regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş  (2004-2008, 2009-2013 və 2014-2018, 2019-2023-cü illər üzrə) Dövlət  proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərmiş, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.

Uğurla icra olunan bu proqramlar nəticəsində  uzun illər regionlarda aparılan bərpa-quruculuq işləri müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə  də  geniş vüsət almışdır.

Bu gün 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçiriləcək bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır. Uzun illər işğal altında olan torpaqlarımızda vandal ermənilərin  insanlıq  adına yaraşmayan əməllərinin  izləri silinir, viran qoyulmuş kəndlər, qəsəbələr yenidən salınır, genişmiqyaslı  bərpa-quruculuq işləri aparılır. 

İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də  öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. Eyni zamanda, ölkə başçısının  işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzalaması Qarabağın yenidən qurulmasının daha da sürətlənəcəyindən,  "Böyük Qayıdış"ın tez bir zamanda reallaşacağından xəbər verir.

Ordumuzun rəşadəti, xalq-ordu-iqtidar birliyi sayəsində işğaldan azad edilmiş, Azərbaycanın muğam beşiyi, milli musiqimizin, poeziyamızın qədim abidəsi Şuşada ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələrini qısa müddət ərzində aradan qaldırmaq və Dağlıq Qarabağ və ətraf rayonları gülüstana və turistlərin ən çox sevdiyi məkanlardan birinə çevirmək məqsədilə  bərpa və yenidənqurma işləri sürətlə davam edir. Bu yerlər  tarixiliklə müasirliyin vəhdətində tikilir, bərpa edilir. Azərbaycanın dilbər guşəsi olan Şuşa bütün dünyanı heyrətə gətirəcək, aləmi heyran qoyacaq dərəcədə yenidən  yaradılır.

 Ötən il avqust ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya  təqdim olunmuş Şuşa şəhərinin Baş planı  Böyük Britaniyanın "Chapman Taylor" şirkəti tərəfindən hazırlanmış və şəhərin baş planında  onun tarixi əzəmətinin qorunması əsas götürülmüşdür. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da planda nəzərdə tutulub. Dayanıqlı və komfortlu  şəkildə qurulacaq Şuşanın  Baş planına əsasən  ilk olaraq şəhərdə küçə-yol infrastrukturu yaradılacaq. Şəhərdəki 200-ə qədər tarixi abidənin əksəriyyəti bərpa prosesinə cəlb olunacaq. Şəhərin mərkəzində  4-5 mərtəbəli yaşayış və ictimai-işgüzar binalar, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscid kompleksi tikilməkdədir. Təqdim olunan Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr təşkil edən yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

2021-ci il yanvar ayının 14-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərinə ilk səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoyaraq demişdir: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi.

Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq".

Bir il ərzində 7 dəfə Şuşaya səfər edən ölkə başçısı hər səfərində Qarabağın incisi olan bu qədim torpaqda  aparılan tikinti-bərpa işləri ilə tanış olmuş, bir sıra tikiləcək obyektlərin təməlqoyma mərasimində və artıq tikintisi başa çatdırılmış obyektərin açılışında iştirak etmişdir. Səfərləri çərçivəsində Şuşada yeni məscidin təməlqoyma, 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının və  "Xarıbülbül" otelinin yenidənqurmadan sonra açılışında iştirak edən dövlət başçısı ötən il mayın 12-də Şuşaya növbəti səfərində xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirmiş, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olmuşdur, 1 saylı ümumtəhsil məktəbinin təməlini qoymuşdur.

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birgə Şuşada Cıdır düzündə olmuşlar.

 Ötən il avqust ayının  30-da  dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi, yaradıcılığında özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilən Molla Pənah Vaqif irsinə işıq salan  Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra Qarabağ tarixi, Qarabağda yaranan şeir, musiqi sənəti yenidən yaşamaq hüququ aldı. Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı, 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən başladığı gün isə ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanın söz, şeir bayramına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə  noyabrın 7-də Şuşaya səfər etmişlər. Səfər zamanı Aşağı Gövhərağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində olmuşlar. Noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etmişlər.

İlk dəfə məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə  Şuşada Cıdır düzündə keçirilməyə başlayan "Xarıbülbül" Beynəlxalq festivalı sonralar hər ilin may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilmiş və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunmuşdu. 1992-ci ildə 4-cü  "Xarıbülbül" festivalı mayın 15-də keçirilməli, burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfər iştirak etməli idi. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdi.

Nəhayət,  44 gün davam edən Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Azərbaycan xalqının həsrətlə gözlədiyi gün gəlib çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Bu sərəncamla 2021-ci il mayın 12-si və 13-də Şuşada  Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə "Xarıbülbül"  festivalı  təşkil olundu. "Xarıbülbül" musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı.  Dövlət başçısı dedi: "Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir… 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır".

Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi özündə yaşadan, Azərbaycanın unikal  mədəniyyət mərkəzi, milli memarlığımızın və orta əsr şəhərsalma sənətimizin qiymətli abidəsi, Qarabağ xanlığının mərkəzi olan Şuşa  xalqımızın həyatında hər zaman özünəməxsus rol oynamışdır və bu gün də Şuşanın əvvəlki  şöhrətinin özünə qaytarılması üçün böyük işlər görülür. 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciətində dövlət başçısının dediyi kimi - "Azad edilmiş torpaqlarda bu il geniş bərpa-quruculuq işlərinə start verildi. Deyə bilərəm ki, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq. Eyni zamanda, Azərbaycanın bütün yerlərində inkişaf müşahidə olunur. Regional inkişaf proqramı uğurla icra edilir. Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq".

Azərbaycanın mədəniyyət məbədi, hər parçası, hər daşı bir tarix  olan Şuşa özü boyda tarixi abidədir. Qarabağın ən dilbər guşəsi sayılan, gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyan,  Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşən Cıdır düzü təbiətin Şuşaya bəxş etdiyi əsrarəngiz gözəlliyi ilə insanı valeh edir. 2022-ci ilin ölkə başçısı tərəfindən "Şuşa İli" elan olunması zəngin və şanlı tarixi keçmişə malik, Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşanın sürətli inkişaf ili olacağından xəbər verir. 

Mehparə ƏLİYEVA,

"Respublika".