Milli mətbuatımızın ənənələrinə hörmətlə yanaşılmalıdır
Digər xəbərlər

Milli mətbuatımızın ənənələrinə hörmətlə yanaşılmalıdır

"Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il peşə bayramları münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunda bir daha mətbuat işçilərinə böyük dəyər vermiş, onların Vətən müharibəsi zamanı informasiya cəbhəsində apardığı mübarizəni, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynadığını xüsusi qeyd etmişdir: "Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər".

1694-cü ildə İngiltərədə senzura ləğv olundu və mətbuata lisenziya verilməsi qaydası aradan qaldırıldı, lakin buna baxmayaraq, parlament yarım əsr ərzində mətbuata öz təsirini saxladı. Belə ki, parlament iqtisadi təzyiqlər, müxtəlif vergilər tətbiq etməklə mətbuatın fəaliyyətini məhdudlaşdırırdı. Böhtan və rüsvayçılıq haqqında qanunun qəbul edilməsi mətbuatı çıxılmaz vəziyyətə salmışdı. Hətta İngiltərə parlamenti keçirilən yığıncaqlar barədə informasiya verməyi jurnalistlərə qadağan etmişdi. Jurnalistlər isə ölkənin siyasi həyatını işıqlandırmaq uğrunda mübarizələrini davam etdirirdilər və bu, öz nəticəsini verdi. 1771-ci ildən jurnalistlərə parlamentdə xüsusi yer ayrıldı və elə o vaxtdan da mətbuat "dördüncü hakimiyyət" adlandırılmağa başlandı.

Jurnalistikanı "dördüncü hakimiyyət" adlandıranlar əslində, onun nəyə qadir olduğunu çox yaxşı bilirlər. Kütləvi informasiya vasitələri demokratik cəmiyyətin formalaşmasında ictimai rəyə göstərdiyi təsir gücünə görə "dördüncü hakimiyyət" statusunu qazanmışdır.

Dünyanın bütün ölkələrində - istər demokratik, istərsə də qeyri-demokratik olsun, jurnalist bəzi hallarda arzu olunmayan şəxs hesab edilir. Çünki jurnalist hər şeyə göz qoyur, onun qələmi qaranlıq məqamlara işıq salır, bəzən hakimiyyətin görməli olduğu işi özü görməli olur.

Ancaq bəzən jurnalistikanın obyektiv prinsipi auditoriyanın zərərinə də işləyə bilir. Obyektivlik dalınca qaçan jurnalist hadisəni üzdən işıqlandırarsa, reallığı əks etdirməyən müxtəlif rəqəmləri bir-birinin ardınca düzərsə, faktları təhrif edərsə, çətin ki, oxucuların ehtiyacını ödəyə bilsin. Bu gün Azərbaycan həqiqətləri və cəmiyyəti narahat edən digər hadisələr barədə ətraflı, obyektiv məlumatlara daha çox ehtiyac var. "Dördüncü hakimiyyət" olaraq jurnalistika qanunla qadağan edilmiş məlumatdan başqa çox məsələlərə toxunur, öz işinə biganə olan vəzifə sahiblərini, insanları qapı arxasında saatlarla saxlayan bəzi məmurları, vəzifə səlahiyyətlərini aşanları, rüşvət və korrupsiyaya qurşananları kəskin tənqid edir. Bir sözlə, hər yerdən, hər şeydən yazır, oxucuları məlumatlandırır. Ancaq jurnalist nədən yazırsa-yazsın, obyektivliyə söykənməli, qərəzlilik nümayiş etdirməməli, faktlara əsaslanmalıdır.

Bu gün Azərbaycanda böyük jurnalist ordusu var və ədalət naminə söyləməliyik ki, media nümayəndələrimiz vətənpərvərlik, dövlətçiliyə sədaqət və milli maraqların qorunması məsələsində yaxından iştirak edirlər. Öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olan jurnalistlərimiz var, lakin təəssüflə qeyd etməliyik ki, bu sayılıb-seçilən, son dərəcə məsuliyyətli peşəyə hörmətsizlik gətirənlər də tapılır. “Reket jurnalistika” gözəl ənənəsi olan Azərbaycan mətbuatının üzərinə kölgə salır. Bu arzuolunmaz fəaliyyət hər şeydən əvvəl, milli mətbuatımızın qurucuları olan cəfakeş ziyalılarımızın ruhuna hörmətsizlikdir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi: "Mən bu xalqa qəzet oxumağı öyrədəcəm" deyərkən məhz şəffaf, qərəzsiz, obyektiv, oxucunun ruhunu qidalandıran, onu maarifləndirən bir mətbuatı nəzərdə tutur, onun uğrunda mübarizə aparırdı.

30 il müddətində işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda gedən mübarizədə daim öndə olan Azərbaycan jurnalistləri istər Vətən müharibəsi, istərsə də ondan sonrakı dövrdə informasiya cəbhəsində öz mövqeyini qoruyub saxladı, ictimai rəyin formalaşdırılmasına, cəmiyyətin inkişafına öz təsirini göstərdi. Dünyanın "çalxalandığı" indiki dövrdə isə medianın rolu birə-beş artıb. Bu mənada ölkənin media nümayəndələrinin məsuliyyəti daha da çoxalıb. İndi media resursları Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq, saxta və yalan məlumatlara uymamaq, dövlətçilik maraqlarını uca tutmaq kimi şərəfli bir missiyanı yerinə yetirməyə borcludur. Bu kriteriyalara uyğun gəlməyən yazılar, məlumatlar düşmənin "dəyirmanına su tökmək"dən başqa bir şeyə yaramır və jurnalistikaya, jurnalistlərə qarşı neqativ təsəvvürlər formalaşdırır. Elə məqamlar var ki, onlara həssaslıqla yanaşmaq lazımdır.

Vətən müharibəsi qələbəmizlə başa çatdı. Bu yolda şəhidlər verdik, qazilərimiz var. Qələbədən dərhal sonra şəhid ailələri, qazilər və müharibə iştirakçılarının problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandı. Bütün bu məsələlər Azərbaycan mediasının aparıcı mövzusuna çevrilib, dövlətimizin gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat verilir. Təəssüf ki, bu təbəqədən olan insanların problemlərini işıqlandırarkən bəzi jurnalistlər ifrata varır, yazılarında onların heysiyyatına toxunan ifadələr işlədir, yaxud problemi həddindən artıq böyüdürlər.

Azad olunmuş torpaqlarımızda aparılan geniş abadlıq, quruculuq işlərinin, həmin ərazilərdə ermənilərin törətdikləri cinayətlərin fakt və rəqəmlər əsasında dünyanın diqqətinə çatdırılmasında da media işçiləri doğru, dürüst olmalı, hər şeyi öz adı ilə adlandırmalı, reallıqları inandırıcı bir şəkildə əks etdirməlidir. Faktlar etibarlı mənbədən götürülməlidir...

Azərbaycan ordusunun Vətən müharibəsində qəhrəmanlığı bütün dünyaya bəllidir və hər bir media işçisi bu mövzuda yazıları böyük fəxr, qürur hissi ilə qələmə alır. Bu səpkili yazılar isə daha məsuliyyətli yanaşma tələb edir, hərbi sirr xarakteri daşıyan məlumatların yayılması da yolverilməzdir.

Dövlət başçısı cənab İlham Əliyev demişdir: "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir". Şübhəsiz belə bir məqamda Azərbaycan jurnalistikası müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutmalı, azərbaycançılıq ideologiyasına xidmət etməlidir.

Zümrüd QURBANQIZI,

"Respublika".